Erməni-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün region üçün təhlükəlidir.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bunu Strasburqda AŞPA-nın yay sessiyasında çıxışı zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyan edib.
Dövlət başçısının sözlərinə görə, münaqişəni “dondurulmuş” adlandırsalar da, o heç də “dondurulmuş” deyil.
“Onu həll etmək lazımdır. Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisidir. Ermənilər ora 200 il əvvəl gəliblər. Erməni işğalçı ordusu tərəfindən tarixi abidələr dağıdılıb, Azərbaycanın 20% ərazisi hələ də işğal altındadır”, - deyə vurğulayıb.
İlham Əliyev həmçinin qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim torpaqlarındandır.
“Təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 bəyanatın heç biri yerinə yetirilmir. İkili siyasət standartları göz qabağındadır. BMT-nin elə bəyanatları var ki, bir neçə saat ərzində yerinə yetirilir, amma Qarabağa dair bəyanatlar 20 ildən artıqdır ki, yerinə yetirilmir”, - o qeyd edib.
Azərbaycan prezidenti həmçinin Ermənistanın əvvəlki prezidenti Robert Köçəryanın AŞPA-da çıxış edərkən azərbaycanlıların və ermənilərin etnik ziddiyyətliliyi olduğunu bəyan etməsini xatırladıb.
“Azərbaycanlıların heç bir xalqla ziddiyyətliliyi yoxdur. Ermənilər isə hesab edirlər ki, azərbaycanlılarla uyğun gəlmirlər. Bu siyasətin nəticəsi isə Ermənistanın əhalisinin 99,9%-nin ermənilərin olmasıdır. Digər millətlər bu ölkəni tərk ediblər. Quldur dəstələri tərəfindən vandalizm aktları beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT tərəfindən qeydə alınıb. Ermənilər Qarabağda tarixi abidələri, hətta qəbiristanlığı belə məhv ediblər. Ermənilər artıq müqəddəratlarını müəyyən ediblər. Onların öz dövləti var. Bəlkə də siz bilmirsiniz, Şərqdə ilk Demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarı paytaxtı İrəvan şəhəri olmaqla, Ermənistanı tanıması olub. İndi isə onlar yeni müqəddəratdan danışırlar. Məgər ermənilərin yaşadığı bütün dövlətlər erməni dövləti olmalıdır? , - İ.Əliyev sual verib.
Azərbaycan prezidenti beynəlxalq ictimaiyyəti ikili standartlardan imtina edərək bu illərlə davam edən münaqişənin sülh yolu ilə həll edilməsinə vasitəçilik etməyə çağırıb.
“Əgər beynəlxalq ictimaiyyət Ermənistana lazımi təzyiqi göstərməsə, o zaman bu dövlətin hakimiyyəti destruktiv siyasətinə davam edəcək”, - İlham Əliyev sözünü yekunlaşdırıb.
Çıxışdan sonra Azərbaycan prezidenti deputatların suallarına cavab verib.