Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edib.
Oxu.Az xəbər verir ki, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini, Bakının gözəl şəhər olduğunu bildirib.
Qonaq qeyd edib ki, ölkəmiz haqqında nə qədər çox məlumat əldə edirsə, Azərbaycana marağı bir o qədər də artır. Martin Çunqonq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşamasının önəmini qeyd edərək,
Parlamentlərarası İttifaqın Azərbaycan ilə əməkdaşlıqda xüsusilə maraqlı olduğunu bildirib. Ölkəmiz haqqında həmişə yaxşı məlumatlar eşitdiyini deyən Martin Çunqonq bu həqiqətlərin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd edib.
Azərbaycan haqqında dolğun və obyektiv məlumatların yayılmasında maraqlı olduğumuzu deyən Prezident İlham Əliyev müxtəlif ölkələrdən qonaqların, o cümlədən parlament üzvlərinin Azərbaycana səfərə gələrək inkişafı öz gözləri ilə görməsinin əhəmiyyətini vurğulayıb.
Parlamentlərarası əlaqələrin önəminə toxunan dövlət başçısı Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə əməkdaşlıq etdiyini deyib və bildirib ki, bu çoxşaxəli əməkdaşlıq uğurlu nəticələr verir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlər, səfərlər xalqlar və millətlər arasında dialoq, tolerantlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında xüsusi rol oynayır. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun ölkəmizə səfərinin əməkdaşlığımıza dair məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını deyən dövlət başçısı bu səfərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

10:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Alleni qəbul edib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın “John Deere” şirkəti ilə artıq 10 ildən çoxdur səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı geniş proqramların qəbul edildiyini və bu proqramların artıq yaxşı nəticələr verdiyini deyib, bu baxımdan Azərbaycanda kənd təsərrüfatı texnikası, o cümlədən “John Deere” şirkətinin istehsal etdiyi məhsullar üçün böyük bazarın mövcud olduğunu qeyd edib. Kənd təsərrüfatı ilə bağlı planlarımızın həyata keçirilməsi üçün müasir texnikanın önəmindən danışan dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz bu sahədə məhsuldarlığın və səmərəliliyin artırılması üçün müasir texnologiya və avadanlıqların tətbiqində maraqlıdır. Prezident İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı sahəsində uğurlar qazandığını qeyd edərək bu sahədə ixracın artıq genişləndiyini vurğuladı, ölkəmizin ümumi daxili məhsulunda kənd təsərrüfatının payının bundan sonra da artacağına əmin olduğunu bildirib.
Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Allen bu səfərlərin davamlı olacağına əminliyini ifadə edib. Samuel Allen artıq ölkəmizdə mühüm kənd təsərrüfatı texnikası istifadəçiləri ilə görüşdüyünü məmnunluqla qeyd edərək bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən hazırkı və gələcək layihələrə göstərilən maraq çox yüksək səviyyədədir.
Görüşdə Azərbaycanın “John Deere” şirkəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

S.B.
www.oxu.az