"İran-İsrail münaqişəsinin yenidən alovlanması regiona, o cümlədən Cənubi Qafqaza mənfi təsir göstərə bilər".
Bu fikirləri Oxu.Az-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.
O bildirib ki, İsrail qarşısına qoyduğu məqsədə nail olmayıb:

"Livan-İsrail arasında münaqişə, qarşılıqlı zərbələr və digər problemlər hələ də həll olunmayıb. Tərəflər öz məqsədlərinə çatmağa çalışırlar. Hazırkı mərhələdə, təəssüf ki, müharibənin yekunlaşdığını təsdiqləyən hər hansı sənəd yoxdur. Sülh sazişi və ya atəşkəs imzalanmayınca risklər qalmaqda davam edəcək. Hazırda neft ixracı, Hörmüz boğazının bağlanması məsələləri və digər regional problemlər tənzimlənməlidir. Düzdür, misal üçün ABŞ Çinlə müəyyən məsələlərdə razılığa gəlib. Lakin digər istiqamətlər üzrə risklərin də minimuma endirilməsi vacibdir. Bu risklər Cənubi Qafqaza da təsir göstərəcək. Eyni zamanda, İsrailin İranda neft-kimya zavodunu vurması qiymətlərə təsir edəcək. Bunun dünya iqtisadiyyatına da dolayı təsirləri olacaq. Hesab edirəm ki, proseslər ilin sonunadək davam edəcək və risklər qalacaq. İranın davranışları maraq doğurur. Çünki ABŞ, İran və İsrailin gündəmə gətirdikləri məsələlər bir-birindən fərqlənir".
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
İyunun 7-də isə İsrail və İran yenidən qarşılıqlı zərbələr endirməyə başlayıblar.