Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar bu ölkənin daxili işlər naziri Ali Yerlikayaya zəng edib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb.
"Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir K.Heydərov, faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib. Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib", - deyə məlumatda deyilir.
Türkiyəli nazir A.Yerlikaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir.