Oxu.Az-ın suallarına postsovet məkanının məşhur eksperti, Elitta məktəbinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun (ABŞ) direktoru Kori Velt cavab verir.
- Konqres bu yaxınlarda ikinci oxunuşda Rusiya təcavüzünün qarşısının alınması, Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutan qanun qəbul edib. Siz bu qərarı necə şərh edərdiniz?
- Rusiya təcavüzünün qarşısının alınması respublikaçıların təşəbbüsüdür, may ayında Senatda təqdim edilib. O hələ tam qəbul edilməyib, hal-hazırda Senatın xarici işlər üzrə komitəsində baxış üçün qəbul edilə və edilməyə də bilər. Bu qanunvericilik aktının qəbul edildiyi təqdirdə hər şeydən öncə NATO üzvü olmayan Ukrayna, Moldova və Gürcüstan müdafiə üçün silah və qurğuların çatdırılacağı əsas müttəfiq kimi nəzərdən keçiriləcək. Bu praktiki və simvolik təşəbbüsdür, amma bu, o demək deyil ki, ABŞ-ın bu ölkələri müdafiə etmə cavabdehliyi olacaq. Bundan başqa belə statusun verilməsi icra hakimiyyətindən asılı olduğu üçün, bu təşəbbüsün qanuni olacağı aydın deyil.
- Bundan başqa konqresmenlər Azərbaycan ilə hərbi əməkdaşlığı gücləndirməyi təklif edirlər. Konqresdə ənənəvi güclü olan erməni lobbisinin bu hərbi əməkdaşlığa maneə yaradacağına ehtimal varmı?
- Hərbi əməkdaşlığın Ukrayna, Moldova və Gürcüstanla qurulmasının çətinliklərini nəzərə alaraq, Azərbaycan ilə də hərbi əməkdaşlığın mövcud olduğu səviyyədən yüksəldilməsi üçün imkan olduğunu ehtimal etməzdim.
Əgər ABŞ-ın Azərbaycan ilə hərbi əməkdaşlıq barədə ciddi söhbət getsəydi, müqavimət olacaqdı və bu müqavimət yalnız erməniyönümlü lobbi tərəfindən olmayacaqdı. İnsan haqlarının müdafiəçiləri belə heç bir üzrlü səbəb olmadan bu əməkdaşlığa qarşı çıxacaqdılar.
- Yenə də Azərbaycan, konqresmenlərin Ukrayna, Gürcüstan və Moldovaya təklif etdikləri ABŞ müttəfiqliyi üçün çalışmalıdırmı?
- Hal-hazırda bunun üçün tezdir. Əgər Ukrayna, Moldova və Gürcüstan bu statusu həqiqətən alıblarsa, bu Azərbaycanla əlaqəli belə bir məsələnin meydana gəlməsinə səbəb olardı. Amma bu üç dövlət tərəfindən bu statusun alınması onların ABŞ tərəfindən yalnız Rusiyadan qorunması deyil, eləcə də avropayönümlü və demokratik işlərində də dəstəkləməsi deməkdir. Analoji dəstək üçün Azərbaycan hakimiyyəti qətiyyətli addımlar atmalıdır.
- Tam olaraq, Ukrayna hadisələri Cənubi Qafqaza necə təsir edə bilər?
- İndiyə qədər mənə elə gəlir ki, Ukrayna hadisələri bu regionun üç ölkəsi arasında fərqi dərinləşdirir. Məncə Ukrayna hadisələri Gürcüstanın Avropa inteqrasiyasını qıcıqlandırmaqda davam edəcək, bu zaman Ermənistan Rusiya tərəfindən təzyiq üçün saxlanılacaq. Azərbaycan isə öz siyasətinə sadiq qalaraq Rusiya və Qərb arasında balans saxlayacaq.
Doğrudur, Bakının Ukrayna hadisələrinin təsiri altında status-kvonu dəyişmək arzusu ilə əlaqədar Dağlıq Qarabağda baş verən son hadisələr bəzi narahatçılıqlar doğurur.
- Bu, erməni-Azərbaycan müharibəsinin yenidən başlamasında təzahür edə bilərmi?
- Hələ ki, bu haqda danışmaq çox tezdir, amma mən elə də optimist köklənməmişəm. Əgər Ukrayna üsyan edənlərə qalib gəlsə, ABŞ-ın diqqət mərkəzində göstərilən üç ölkəyə yardım etmək olacaq. Amma əgər Rusiya bu ölkələri Avropa istiqamətindən döndərmək üçün Ukraynada eskalasiya yolunu seçərsə, çox güman ki, ABŞ Rusiyanı, Dağlıq Qarabağ məsələsi də daxil olmaqla, indiki təsir sferasında saxlamağa çalışacaq.
- Siz ABŞ-ın yaxın illər üçün siyasətini necə görürsünüz?
- Əksər məsələlərdə elə indi olduğu kimi. ABŞ-ın Cənubi Qafqazda maraqları son illərdə çox dəyişməyib.
F.H.
www.oxu.az