"Bugünkü tədbirin əsas səbəbi 1509-cu ildə əsası qoyulmuş İrəvan qala-şəhərinin etnik mənzərəsini və onun tarixi-mədəni palitrasını yenidən işıqlandırmaqdır".
Oxu.Az-ın məlumatına görə, bu barədə Bakı İncəsənət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mələk Əmrahova "İrəvan qala-şəhərinin etnoqrafik xəritəsi"nin və eyniadlı veb-saytın təqdimatında jurnalistlərə bildirib.
"Aparılan tədqiqatlar zamanı şəhərdə mövcud olan dini və ictimai yerlərin coğrafiyası və toponimləri, xüsusən də Azərbaycan türklərinə və qismən xristian icmasına məxsus olan memarlıq izləri ətraflı araşdırılıb. Nəticələr göstərib ki, İrəvan qala-şəhərinin qurucularının və qalanın əhalisinin əksəriyyətini üç əsrdən çox müddətdə məhz Azərbaycan türkləri təşkil ediblər.
Bu layihə bir daha sübut edir ki, azərbaycanlılar İrəvanda, sadəcə, yaşayış yeri yaratmayıblar, həm də Qafqaz miqyasında memarlıq və şəhərsalma nümunəsi olan bir inci yaradıblar", - deyə Mələk Əmrahova vurğulayıb.
O qeyd edib ki, etibarlı etnik mənzərənin yaradılması üçün arxiv materialları ilə geniş iş aparılıb.
"I Şah İsmayılın fərmanı, Səfəvi-Osmanlı müharibələri dövründəki mənbələr və XVII-XIX əsrlərin Şərq, Avropa və Rusiya səyyahlarının qeydləri müqayisəli şəkildə təhlil edilib, eləcə də həmin dövrə aid şəhərin miniatürləri və təsvirləri də öyrənilib.
Məhz bu materiallar bizə İrəvanın tarixi-etnoqrafik xəritəsini yenidən qurmağa imkan verib", - deyə Əmrahova bildirib.
Rufina Abdullayeva