"Mənim üçün Zəngilan haqqında danışmaq çox çətindir. Çünki doğmalarımı itirmişəm. Atam, anam da Zəngilanı görmək arzusu ilə dünyadan köçdülər".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Tapdıq Tofiq oğlu Hüseynov deyib.
"Xırdalanda yataqxanada köçkünlük həyatı yaşadıq bu illər ərzində. Torpaq itkisi, doğmalarımızın itkisi bizi bu illər ərzində çox üzdü. Çox şükür ki, bu gün biz öz yurdumuza köçürük. Orada yaradılan şəraitlə hələ tanış deyiləm. İlk dəfədir ki, Zəngilana gedəcəyəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" - T.Hüseynov deyib.
Xatırladaq ki, bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə - 144 nəfər köçürülür.
Rövşən Əsədov