"Gənc nəsil ev almağa və ya kirayələməyə çətinlik çəkir. Mən şəhərsalma üzrə mütəxəssis və memaram. Bakı Təşəbbüs Qrupu tərəfindən kolonial ədalətsizlik və bunun dünyada mənzil çatışmazlığına təsiri barədə danışmaq üçün Bakıya dəvət edilmişəm".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində (WUF13) BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc lideri, İordaniya Kosmik Tədqiqatlar Təşəbbüsünün (JSRI) kommunikasiya və maarifləndirmə üzrə direktoru Merna Alzurikat deyib.
O bildirib ki, İordaniyada kolonial təsirlərlə bağlı ciddi problemlərlə qarşılaşırlar:
"Bu problemlər əsasən ictimai xidmətlərin və mənzil sektorunun özəlləşdirilməsi ilə bağlıdır. Bunun nəticəsində sosial səviyyədə bir çox çətinliklər yaranır. İnsanlar, xüsusilə də gənc nəsil ev almağa və ya kirayələməyə çətinlik çəkir. Eyni zamanda onlar iş tapmaq və kifayət qədər gəlir əldə etmək baxımından da problemlərlə üzləşirlər".
BMT-nin nümayəndəsi qeyd edib ki, ölkəsi tarixən qonşu ölkələrdə böhranlar baş verdikdən sonra qaçqın qəbul edən ölkə kimi tanınıb. Bu isə mənzilin insanlara yalnız sığınacaq deyil, həm də ləyaqətli həyat şəraiti təmin etməsi məsələsini gündəmə gətirir:
"İnsanların əsas hüquqlarını itirmədən layiqli şəraitdə yaşaması çox vacibdir. Mənim burada danışdığım və bu gün müzakirə etdiyimiz məsələlər bunlardır. Ümid edirəm ki, insanlar bu müzakirələrdən faydalanacaqlar".