Özbəkistanda Rusiya da daxil olmaqla, keçmiş SSRİ dövlətlərinə qarşı ərazi iddiaları irəli sürməyi təklif ediblər.
Oxu.Az özbək və Rusiya KİV-ə istinadən xəbər verir ki, bu təkliflə özünü iqtisad elmləri doktoru və akademik kimi təqdim edən Rustamjon Abdullayev adlı biri çıxış edib. Onun məqaləsi bu təşəbbüsün ətraflı əsaslandırması ilə 12news.uz portalında yerləşdirilib.
Məqalənin müəllifi iddia edir ki, Özbəkistanın çoxəsrlik tarixindən çıxış edərək, “onun təkcə SSRİ-nin deyil, bütün özbək dövlətlərinin, o cümlədən keçmiş Qızıl Orda dövlətinin hüquqi varisi olmaq haqqı var”.
Abdullayevin fikrincə Özbəkistanın iddia etməli olduğu dövlətlər arasında Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan da var.
Abdullayevin təqdim etdiyi siyahıda Ukrayna və Ermənistan da var. O, Ukraynadan Krımı geri tələb edib, çünki həmin ərazilər əvvəllər özbək dövləti olan Qızıl Ordaya aid olub.
Ermənistana gəldikdə isə, müəllif yazır:
“Ermənistana gəldikdə isə, ona qaşrı ərazi iddiaları bolşeviklərin erməni daşnaklarından Türküstan muxtariyyətinin məhvi üçün istifadə etmələri ilə bağlıdır. Demək olar ki, o zaman, 1918-ci ildə millətçi “Daşnaksütyun” partiyasından olan ermənilər Türküstan muxtariyyətinin on minlərlə vətəndaşını məhv etməklə, özbəklərin soyqırımını həyata keçirməklə, muxtariyyətin paytaxtı Kokandı dağıtmaqla, Osmanlı imperiyasında ermənilərin məhvinə görə qisas aldılar. Buna görə də, Özbəkistan öz keçmiş ərazisi kimi müasir Ermənistana qarşı da ərazi və digər iddialar irəli sürməli, həm də bu ölkədən Qarabağı Azərbaycana qaytarmağı tələb etməlidir”.
Alim keçmiş SSRİ dövlətlərinə qarşı iddiaların irəli sürülməsini Özbəkistanın milli təhlükəsizlik məsələsi də adlandırıb.