“Azərbaycan və Ermənistan arasında parlamentlərarası dialoq platformasının yaradılması ilə bağlı müzakirələr martda Cenevrədə baş tuta bilər”.
Bunu Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq “Trend”ə müsahibəsində deyib.
O qeyd edib ki, PAİ regionda baş verən son hadisələrdən, Azərbaycanla qonşuları arasında olan münasibətlərdən xəbərdardır və bütün dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yaradılmış bir təşkilat kimi, tərəflərlə müzakirələr aparmağı zəruri hesab edir.
“Mən Azərbaycan hakimiyyəti ilə müzakirələr aparmışam və aldığım cavablardan məmnunam. İndiki mərhələdə biz prinsipial razılaşma əldə etməyə çalışırıq ki, PAİ hər iki ölkəyə bir araya gəlib müzakirələr aparmaq üçün parlament səviyyəsində platforma təqdim etsin. Biz iki ölkənin parlamentlərinin yüksəksəviyyəli rəhbərliyini müzakirələrə dəvət etməyi planlaşdırırıq. Biz diplomatiyanın ənənəvi formasını tamamlayan parlament diplomatiyasına inanırıq”, - deyə PAİ-nin baş katibi bildirib.
O əlavə edib ki, PAİ parlamentariləri ilkin olaraq qeyri-rəsmi formatda görüş keçirməyə dəvət etmək fikrindədir.
Çunqonq PAİ-nin irəli sürdüyü və Azərbaycandan dəstək alan təşəbbüsü həyata keçirməyə hazır olduğunu bildirib.
“Mən bu daimi dialoq platformasının yaradılması üçün Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanı Ermənistandan olan həmkarları ilə danışıqlar aparmaq üçün Cenevrəyə dəvət edəcəyəm. Ümid edirik ki, bu il martın 23-27-də keçiriləcək Parlamentlərarası İttifaqın növbəti Assambleyası zamanı belə bir görüşü təşkil edə biləcəyik. Bu yolla biz iki ölkənin parlamentləri arasında qarşılıqlı anlaşmaya nail ola biləcəyik. Bundan sonra biz iki ölkə arasında davam edən sülh danışıqlarının uğurlu nəticəsi üçün əlverişli mühit yaratmağa çalışa bilərik”, - deyə o bildirib.
Çunqonq əlavə edib ki, PAİ təşəbbüsünün məqsədi iki dövlət arasında danışıqlar yolu ilə hakimiyyətin etdiklərini təkrarlamaq deyil.
“Mən çox şadam ki, bu təşəbbüsə hər iki tərəfdən müsbət reaksiya var. Biz iki ölkənin parlamentləri arasında qarşılıqlı fəaliyyətə ümid edirik, çünki inanırıq ki, o, mümkün anlaşılmazlıqları aradan qaldırmaq və xoş niyyət yaratmaq üçün güclü potensiala malikdir”, - deyə PAİ-nin baş katibi bildirib.
O qeyd edib ki, burada ilk növbədə müsbət qüvvələri səfərbər etmək lazımdır.
“Biz mövcud olan müsbət qüvvələrə arxalanmalıyıq və digər qüvvələrin dağıdıcı potensialını minimuma endirməliyik. Mən Prezident İlham Əliyevlə danışıqlardan çox məmnunam və bu danışıqlarda Azərbaycanın sülh prosesinin uğurla irəliləməsinə sadiqliyi ifadə olunub. Hər iki tərəfin danışıqlar prosesində marağı bizim üçün çox vacibdir. Mən müsbət qüvvələri cəlb etmək istəyirəm. Dediyim kimi, aldığımız cavabdan çox məmnunam”, - deyə Çunqonq bildirib.