"Dünya dəyişməkdədir və biz dezinformasiya barədə bir neçə ildir ki, danışırıq. Yanlış məlumatların yayılmaması üçün cəmiyyətə həqiqətin harada olduğunu çatdırmalıyıq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Pakistanın DND xəbər agentliyinin direktoru Ağa İqrar Harun Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən "AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi" mövzusunda dəyirmi masada səsləndirib.
Ağa İqrar Harun məsuliyyətli jurnalistin məlumatları ictimaiyyətə düzgün, operativ və keyfiyyətli şəkildə çatdırmasının vacibliyini vurğulayıb. O, bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışaraq qərəzsiz xəbərlərin yayılmasında belə tərəfdaşlığın mühüm rol oynadığını qeyd edib.
AZƏRTAC-ı 105 illik yubileyi münasibətilə təbrik edən direktor agentliklə 2018-ci ildən əməkdaşlıq etdiyini, bu müddət ərzində Pakistan və Azərbaycan arasında fəal xəbər mübadiləsinin aparıldığını bildirib.
"Bəzi Avropa xəbər agentlikləri 44 günlük müharibə zamanı yanlış məlumatlar yayarkən, Pakistan mediası AZƏRTAC-la sıx əməkdaşlıq edərək ən son və dəqiq məlumatları dünya ictimaiyyətinə təqdim edirdi", - deyə o əlavə edib.