Azərbaycan Bolqarıstanın dəyərli və etibarlı tərəfdaşıdır.
Oxu.Az “Focus” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan səfiri Emil Kərimovun birinci dərəcəli “Stara Palnina” ordeni ilə Sofiyada təltif edilməsi zamanı Bolqarıstan prezidenti Rosen Plevneliyev bildirib.
O, çıxışı zamanı iki ölkə arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında sazişin imzalandığını xatırladıb.
“Bu saziş ikitərəfli əməkdaşlıq üçün yeni səhifə açıb. Ötən il ticarət dövriyyəmizdə də müsbət inkişaf müşahidə olunub. Biz Azərbaycanla qaz satışı ilə bağlı razılaşmanın tez bir zamanda həyata keçirilməsinə və müvafiq infrastrukturun tikilməsinə ümid edirik”, - Bolqarıstan rəhbəri bildirib.
Bolqarıstan prezidenti qeyd edib ki, Azərbaycan ölkəsi üçün enerjinin diversifikasiyası və enerji resursları üçün rəqabətli qiymət əldə etmək məqsədləri üçün də strateji tərəfdaşdır.
“İldə 1 milyon kubmetr qazın tədarük edilməsi və danışıqlar yolu ilə bu miqdarın artırıla biləcəyi barədə 2013-cü ildə imzalanan müqavilə Azərbaycanla Bolqarıstan arasında enerji əməkdaşlığı üçün baza rolunu oynayır.
2014-cü ildə Bolqarıstanın Cənubi Qaz Dəhlizinin təntənəli açılış mərasimində iştirakı bizim bu strateji layihəyə verdiyimiz əhəmiyyətin göstəricisidir.
Bolqarıstan həmçinin ölkəmiz və ümumilikdə Avropa regionu üçün qaz tədarükündə diversifikasiyanı təmin edəcək TAP layihəsinin icrasının sürətləndirilməsini dəstəkləyir”, - R.Plevneliyev bildirib.