Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
"Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir".
Bunu "Report"a açıqlamasında politoloq Sultan Zahidov deyib.
O xatırladıb ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarının döyüşsüz Azərbaycana qaytarılması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr bəyanatına əsasən mümkün oldu:
"Bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana təhvil verilməli idi. Amma Azərbaycan qarşı tərəfin xahişi ilə humanizm prinsiplərini əsas tutaraq müddəti daha 10 gün artırdı. Beləliklə, ermənilər noyabrın 25-də Kəlbəcərdən tamamilə çıxdılar. Azərbaycan bu üç rayonu bir güllə atmadan, məhz kapitulyasiya aktı nəticəsində azad etdi.
Əlbəttə, bu hadisələr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış zəfərdir. Bu, Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi cəhətdən əhəmiyyətli rol oynadı. Eyni zamanda, Azərbaycan bu üç rayonun azad edilməsi uğrunda şəhid vermədi. Bu, ən mühüm məqamlardan biridir".
Ekspert diqqətə çatdırıb ki, Laçın və Kəlbəcər Ermənistanın Qarabağa çıxışını təmin etməsi üçün əhəmiyyət daşıyırdı. Həmin rayonlar Ermənistan üçün dəhliz rolunu oynayırdı. Odur ki, bu iki rayonun azad edilməsi nəticəsində Azərbaycanın strateji üstünlüyü daha da artdı.
"İqtisadi kontekstdən isə onu deyim ki, istənilən döyüş maddi-texniki resurs tələb edir. Odur ki, üç rayonun döyüşsüz azad olunması iqtisadi cəhətdən də Azərbaycanın üstünlüyünü təmin etdi, əlavə xərclərin qarşısı alındı. Beləliklə, həm də Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki qətnaməsini - 822 və 853 saylı qətnamələrini icra etdi. Xatırladım ki, BMT Təhlükəsizlik Şurası hər iki qətnaməni 1993-cü ildə müvafiq olaraq Kəlbəcər və Ağdamın işğalı ilə bağlı qəbul etmişdi. Amma 30 il müddətində həmin qətnamələr heç bir formada yerinə yetirilməmişdi", - politoloq vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-i Azərbaycanda Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.