"Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilir. Zirvə görüşü regional və qlobal gündəliyin son dərəcə gərgin və önəmli bir dövrünə təsadüf edir. Belə bir zamanda nəzərlərin rəsmi Bakıya yönəlməsinin özü başdan-başa hadisədir".
Bunu Oxu.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Prezident İlham Əliyevin çıxışının əsas məzmunu illər ərzində Azərbaycanın mübarizə apardığı məsələ, yəni ərazi bütövlüyümüzün və suverenliyimizin hansı mərhələlərdən keçərək təmin edilməsi üzərində qurulmuşdu:

"Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, bunun nəticəsini görmədik. Problemin həllini öz üzərinə götürən ATƏT-in Minsk Qrupu isə, demək olar ki, görüntü xatirinə yaradılmış fəaliyyətsiz bir qurum idi".
"Diqqəti çəkən məqam dövlət başçımızın yenidən həmin o amil üzərində dayanması idi ki, Ermənistanın təkcə əvvəlki rəhbərliyi deyil, 2018-ci ildən etibarən hakimiyyətdə olan rəhbərliyi də baş verən hadisələrlə bağlı məsuliyyət daşıyır. Çünki məhz 2019-cu ildə "Qarabağ Ermənistandır və nöqtə" fikri səsləndirilirdi, yeni ərazilər uğrunda yeni müharibə təhdidi ilə üz-üzə qaldıq. Məhz belə bir məqamda beynəlxalq birlik Ermənistana təzyiq göstərmədi. Tam əksinə, Avropa Parlamenti və Avropa Şurası kimi qurumlar Azərbaycanı hədəf alırdılar. Bu isə Ermənistanı çəkindirmir, əksinə, onu həvəsləndirirdi. Azərbaycan məhz Ermənistanın təxribatlarına cavab olaraq yola çıxdı və Azərbaycan torpaqlarının kimə məxsus olduğunu, döyüş nisbətinin necə olduğunu Ermənistana və onun havadarlarına sübut etdi. Baxmayaraq ki, Üçtərəfli Bəyanatla Ermənistana torpaqlarımızdan çıxmaq üçün vaxt verildi, onlar torpaqlarımızı tərk edərkən belə öz vəhşiliklərini göstərdilər. Azərbaycan Lideri düşünülmüş siyasət yürüdərək 2023-cü ilin sentyabr əməliyyatları üçün siyasi zəmin formalaşdırmağı bacardı. Çünki məsələyə birdəfəlik son qoymaq zərurət idi. Separatçıların liderlərinin Bakıya gətirilməsi və regionda separatizmə son qoyulması Azərbaycanın tarixi uğuru, həmçinin beynəlxalq münasibətlər sisteminə verdiyi töhfə idi. Çünki separatçıların yuvasının dağıdılması dünyada mövcud olan separatçı rejimlərdən birinin məhv edilməsi demək idi. Dövlət başçımız bütün bu hadisələri Nürnberq tribunalına bənzətdi. Bu dəfə isə səhnədə erməni faşistləri idi. Bakını işğal edəcəkləri və paytaxtımızda çay içəcəkləri ilə bağlı bizi təhdid edənlər bu gün Azərbaycan həbsxanalarında Azərbaycan çayı içirlər. Bu, Azərbaycan xalqının ümdə arzusu idi, onu Müzəffər Ali Baş Komandanımız həyata keçirdi", - müsahibimiz vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri özü icra etdi:
"Azərbaycan heç bir halda müharibə istəmirdi. Dəfələrlə Ermənistana şans verdik ki, məsələ sülh yolu ilə həllini tapsın.
Biz müharibəyə başlamamışıq. Azərbaycana qarşı başladılan ədalətsizliyə son vermişik. Bütün bunlara baxmayaraq, Ermənistana sülh təklif edirik. Bu isə, heç şübhəsiz ki, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Lakin sülhün hələ də kövrək olduğunu, onu qorumağın və möhkəmləndirməyin labüd olduğunu cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı".
"Düşünürəm ki, bu mesaj sadəcə Ermənistana ünvanlanmış mesaj deyildi. Bu gün regionda yeni reallıq formalaşır. Bu reallıq sülh, əməkdaşlıq və bölgənin təhlükəsizliyinin təmin edilməsi üzərində daha da möhkəmləndirilməlidir", - Ş.Həsənova fikrini tamamlayıb.