Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezident fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
həmin Qanunun 1.0.4-cü maddəsinə uyğun olaraq psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək;
həmin Qanunun 6.5-ci maddəsinə uyğun olaraq ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək;
həmin Qanunun 11.3-cü maddəsinə uyğun olaraq psixoloji yardım göstərən şəxslərə dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək;
həmin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq klinik (tibbi) psixoloqlara verilən ixtisas attestatının formasını və onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin, habelə 7.1-ci və 19.4-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Müəyyən edilib ki, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü, 6.5-ci, 7.1-ci, 10.3.7-ci, 11.3-cü, 18.2-ci, 18.3-cü, 19.4-cü və 19.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 1.0.4-cü, 6.5-ci, 11.3-cü və 18.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
həmin Qanunun 18.2-ci və 19.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;
həmin Qanunun 10.3.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur.