Oktyabrın 10-da Bakı Sərgi Mərkəzində “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisinin açılışı olub.
Oxu.Az dövlət başçısın rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.
Sərginin üç pavilyonunda Azərbaycanın sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, gənclər və idman, ekologiya, su və kanalizasiya, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər, regionların sosial-iqtisadi inkişafının əsas göstəriciləri nümayiş etdirilir.
Mərkəzin birinci sərgi salonunda 14 sahə üzrə 51 dövlət qurumu və 70-dən artıq özəl şirkət təmsil olunur.
Dövlət başçısı və xanımı sərginin “Makroiqtisadiyyat”, “Sənaye”, “Energetika”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “Nəqliyyat”, “Fövqəladə hallar”, “Şəhərsalma və dövlət əmlakı”, “Xarici siyasət”, “Gənclər və idman”, “Mədəniyyət və turizm”, “Sosial inkişaf və xidmətlər”, “Ekologiya”, “Su və kanalizasiya”, “Aqrar-sənaye kompleksi” bölmələrindəki stendlərə baxıblar.
Sonra prezident İlham Əliyev və Mehriban Əliyeva ikinci sərgi salonunda regionların sosial-iqtisadi inkişafına həsr edilmiş pavilyonlarla tanış olublar. Burada quraşdırılmış stendlərdə dövlət proqramları çərçivəsində hər bir rayon üzrə görülən işlər geniş əks olunub. Stendlərdə regionlarda aparılan abadlıq-quruculuq işləri, açılmış müəssisələr və iş yerləri, istifadəyə verilmiş sosial obyektlər və s. barədə geniş məlumatlar verilir.