"Son dövrlərdə Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə intensivləşməsi Türkiyəni həm siyasi, həm də iqtisadi baxımdan çətin vəziyyətə salan mahiyyət kəsb edib. Xüsusən də Ukraynanın Türkiyə gəmilərinə hücum etməsi və Türkiyə bayrağı altında üzən 56 laynerin ciddi təhlükə ilə üzləşməsi Qara dənizdə ələlxüsus təhlükəsizlik və iqtisadi baxımdan ciddi təhdidlər yaradır".
Bu sözləri Oxu.Az-a açıqlamasında Kütahya Dumlupınar Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə şərhçi Hüsamettin İnaç deyib.

O bildirib ki, bu günə qədər Qara dəniz Rusiya və Türkiyə arasında ədalətli şəkildə bölünən və son dərəcə təhlükəsiz olan hövzə kimi tanınıb:
"Belə ki, 1995-ci ildə bağlanan müqavilə ilə iqtisadi zonalar və dəniz sərhədləri ilə bağlı razılaşma protokolları imzalanıb, Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilib. O gündən bəri status-kvo dəyişməyib. Eyni zamanda Türkiyə Montrö Sazişi ilə müharibə edən tərəfləri Qara dənizə buraxmayaraq burada təhlükəsizliyi ciddi şəkildə təmin etmək qabiliyyətini ortaya qoyub. Ancaq gəlinən son nöqtədə, xüsusən də Avropa İttifaqı (Aİ), ABŞ və Ukrayna Türkiyəni Qərbin lehinə müharibəyə girməyə məcbur etməkdədir. Xüsusilə 7-8 iyulda Ankarada keçirilən NATO sammiti ilə Türkiyə alyansın mərkəz ölkəsi kimi təsdiqlənib və NATO-nun qərar qəbul etmə mexanizmlərində daha güclü bir aktora çevrilib. Dolayısı ilə bütün bunlar Türkiyənin Rusiya ilə münasibətlərini də çox ciddi şəkildə pozur. Belə ki, son dövrlərdə Rusiya Türkiyədən təzə məhsul və tərəvəz alışını da dayandırıb. Xüsusilə Bişkekdə keçirilən Şanxay sammitində Putin və Ərdoğan arasında müzakirə edilən ən mühüm mövzulardan biri də Türk-Rus münasibətlərinin yenidən nəzərdən keçirilməsi olub".
"Digər tərəfdən Türkiyənin xüsusilə "F-35" layihəsinə qayıtmaq üçün "S-400" raketlərini üçüncü bir ölkəyə satmaq istəməsi də bu münasibətlərə mənfi təsir edən amillərdən biri kimi görülür. Bu kontekstdə Qara dənizdə türk gəmilərinin ciddi şəkildə təhdid edilməsi və buraya bir şəkildə NATO-nun daxil olmağa çalışması Türkiyənin qırmızı xəttinə çevrilib. Bu baxımdan Türkiyənin müharibənin gəldiyi bu mərhələdə "aktiv tərəfsizlik" kimi ifadə edilən, yəni həm Rusiyaya, həm də Ukraynaya bərabər məsafədə dayanan siyasi fəaliyyətini davam etdirmək məcburiyyəti vardır. Bu mənada Türkiyə zəruri addımları ataraq Ukrayna ilə də ciddi şəkildə məsafə saxlamağa çalışır. Ancaq bu prosesdə Türkiyənin 600 milyon dollar dəyərində "Atak" raketlərinin və Amerika istehsalı silahların Ukraynaya satılması ilə bağlı təşəbbüsünün olduğu da bilinməkdədir. Bu da Rusiyanı narahat edən məsələ kimi gündəmə gəlir", - professor vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Qara dənizdə təhlükəsizliyin və sabitliyin bundan əvvəl olduğu kimi qorunub saxlanılması üçün Türkiyə zəruri addımları atacaq:
"Ancaq Rusiyanın Odessanı da ələ keçirərək Ukraynanı Qara dəniz ölkəsi olmaqdan çıxarmağa çalışması Türkiyənin qəbul etməyəcəyi reallıqdır. Dolayısı ilə bu baxımdan Türkiyə Rusiya və Ukrayna arasında çox çətin olan bu tarazlıq siyasətini davam etdirmək məcburiyyətindədir. Ancaq hərbi əməliyyatlar davam etdiyi müddətdə, xüsusən də Rusiyanın son dövrlərdə NATO ilə müharibəyə girə biləcək şəkildə Almaniyanı, Polşanı və Estoniyanı təhdid etməsi bu prosesi daha da çətinləşdirir və Qara dənizdəki fərqli aktorların da fərqli siyasi mövqelər müəyyənləşdirməsinə səbəb olur. Türkiyə bir an əvvəl artıq bu müharibənin bitirilməsinin zərurəti ilə bağlı çox mühüm addımlar atır. Çünki bu müharibə Türkiyənin də bundan sonra, Qara dəniz başda olmaqla, bütün coğrafiyadakı təhlükəsizliyini təhdid edir. Ona görə də, Bişkekdə Şanxay Əməkdaşlıq Sammitində cənab Ərdoğanla Putin arasında bu məsələ də gündəmə gətirilib".