Qazaxıstanın kurort şəhəri Borovoyda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi altında MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək, Oxu.Az Tengrinews.kz-a istinadən xəbər verir.
Tədbir Rixos Borovoe Hotel-də keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Prezidenti Serj Sarkisyan, Belarus Prezidenti Aleksandr Lukaşenko (yeri gəlmişkən, bu, onun növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfəridir), Qırğızıstan Prezidenti Almazbek Atambayev, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rahmon, Özbəkistan Prezidenti İslam Kərimov iştirak edirlər.
Eləcə də, Moldovanın xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini Andrey Qalbur, Türkmənistan nazirlər kabinetinin sədrinin müavini Satlık Satlıkov, Ukraynanın Qazaxıstan respublikasında müvəqqəti nümayəndəsi Yuri Lazebnik, MDB icra komitəsinin sədri, icraçı katib Sergey Lebedev iştirak edir.
MDB Dövlət Başçılarının sammitində dövlət rəhbərlərinin qarşılıqlı maraq doğuran beynəlxalq problemlər, eləcə də humanitar, hüquq-mühafizə və hərbi sahədə çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəkləri, bir sıra müvafiq saziş və qərarlar imzalayacaqları gözlənilir.
Əsasən BMT-nin yaradılmasının 70 illiyi münasibətilə və beynəlxalq terrorizm ilə mübarizəyə dair qətnamənin, Çernobıl AES-da qəzanın 30 illiyi ilə əlaqədar müraciətin qəbul ediləcəyi planlaşdırılır.
Həmçinin 2020-ci ilə qədər hərbi əməkdaşlığa dair konsepsiya, 2016-2020-ci illərdə sərhədyanı təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın proqramı qəbul ediləcək.
MDB iştirakçı dövlətlərin xarici sərhədlərdə böhran vəziyyətlərinin tənzimlənməsinə istiqamətlənmiş sərhəd və digər nazirliklərinin qruplaşmalarının tərkibinə daxil ediləcək qurumların siyahısının təsdiq edilməsi planlaşdırılır.
Gündəmə həmçinin təşkilati xarakterli məsələlər, o cümlədən 2016-cı ildə MDB-də sədrlik məsələsi də daxil edilib.
Günün ikinci yarısında Ali Avrasiya İqtisadi İttifaqının iclası baş tutacaq. İclasda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Ermənistan, Belarus, Qırğızıstan və Rusiya rəhbərləri iştirak edəcək.