Amerika Birləşmiş Ştatları (ABŞ) mümkün ola biləcək ən güclü, ən demokratik, ən inkişaf etmiş və müstəqil Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir.
Oxu.Az ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, bu barədə səfir Robert Sekuta səfirliyin Facebook səhifəsindəki salamlama videosu ilə bağlı səsvermənin nəticələrinə əsasən etdiyi müraciətdə deyib.
“Biz həmçinin iki ölkə arasında güclü və müsbət münasibət qurmaq işimizə də sadiq qalırıq”, - səfir deyib.
Sekuta keçirilmiş səsvermənin iştirakçılarına təşəkkür edərək elan edib ki, səfirin salamlama videosunda verilən üç seçimdən 70%-ni Qobustan təşkil edib.
“Mən tezliklə ora səfər edəcəyəm. Həmçinin digər rəy və təkliflərinizə görə sizə öz təşəkkürümü bildirmək istərdim. Sizin fikirləriniz göstərdi ki, üzərində işləməli olduğumuz çox sayda mühüm məsələ var”, ameriaklı diplomat qeyd edib.
Sekuta həmçinin əlavə edib ki, 10-14 mart tarixlərində Azərbaycan ərazisində Amerika Həftəsi keçiriləcək.