Rusiya ticarət – iqtisadi münasibətlərinə görə Ermənistanın bir nömrəli tərəfdaşıdır və bu tendensiya saxlanılır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ermənistanlı həmkarı Serj Səkisyanı bu gün Novo-Oqrayovodakı iqamətgahında qəbul edərkən deyib. Putin bu il ərzində Sərkisyanla ikinci dəfə görüşdüyündən məmnun olduğunu bildirib.
“Bizim bütün istiqamətlər üzrə əlaqələrimizin belə intensiv inkişafı məni çox sevindirir. Bütün bu əlaqələrin nəticəsi müsbətdir” - deyə Putin vurğulayıb.
S.Sərkisyan öz növbəsində qeyd edib ki, iki ölkə arasında münasibətlər “tarixi ənənələrə söykənir”.
“Bu dəvətə görə təşəkkür edirəm. Bizim müzakirə etmək üçün xeyli məsələmiz yığılıb. Əlaqələrimizin daha da möhkəmlənməsi üçün bunları müzakirə etmək və qərar qəbul etmək lazımdır”.
Sərkisyan qeyd edib ki, erməni və rus xalqının münasibətləri çoxəsrilik dostluq və qardaşlıq münasibətləri əsasında qurulub.
“Biz bu münasibətləri yüksək qiymətləndiririk və onun dağılmaması üçün əlimizdən gələni edəcəyik. Bu bizim üçün mütləq prioritetdir” - deyən Sərkisyan qeyd edib ki, əməkdaşlıq qarşılıqlı yardım və dostluq haqqında sazişə uyğun inkişaf edəcək.
“Amma bununla yanaşı həlli vacib olan məsələlər də var. Bu məsələləri ona görə həll etmək lazımdır ki, münasibətlərimiz daha yeni və yüksək səviyyəyə qalxsın”- deyə S.Sərkisyan vurğulayıb.