Donald Tramp İranla müharibənin noyabr ayında keçiriləcək ABŞ aralıq seçkilərindən qısa müddət sonra başa çata biləcəyini deyib.
ABŞ prezidenti İranla müharibənin niyə sözügedən seçkilərlə əlaqələndirir? Müharibənin uzanması Trumpın nüfuzuna nə dərəcədə təsir edir və bu açıqlama tam olaraq onun nüfuzunu bərpa etməyə yönəlibmi?
Mövzu ilə bağlı Oxu.Az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmayıl Cingöz bildirib ki, Donald Trampın İranla müharibənin ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çata biləcəyini söyləməsi hərbi proqnozdan daha çox, siyasi və psixoloji mesaj kimi qiymətləndirilməlidir.

O vurğulayıb ki, ABŞ-də aralıq seçkilər birbaşa prezident seçkisi olmasa da, hakimiyyətdə olan prezidentin fəaliyyətinin seçicilər tərəfindən qiymətləndirildiyi mühüm etimad sınağı hesab olunur:
"Bu baxımdan, Tramp üçün İran müharibəsi artıq yalnız xarici siyasət və təhlükəsizlik məsələsi deyil, həm də daxili siyasətin və Respublikaçılar Partiyasının Konqresdəki gələcəyinin əsas mövzularından biridir. Trampın əsas problemi İrana qarşı başladılan hərbi mübarizənin ilkin proqnozlardan daha uzun sürməsidir. Müharibə uzandıqca hərbi xərclərlə yanaşı, enerji qiymətləri, yanacaq xərcləri və bahalaşma yolu ilə ABŞ cəmiyyətinə təsir edən iqtisadi yük də artır. Son ictimai rəy sorğuları da İran müharibəsinə dəstəyin ciddi şəkildə azaldığını və Trampın prezidentlik fəaliyyətindən narazılığın artdığını göstərir. Bu səbəbdən müharibənin uzanması Trampın "tez nəticə əldə edən, güclü lider" imicini zəiflədir.
Trampın "müharibə seçkidən sonra başa çatacaq" açıqlaması bu baxımdan ikitərəfli şəkildə şərh edilə bilər. Birincisi, o, müharibənin bu günə qədər başa çatmamasına görə məsuliyyəti İranın üzərinə qoyaraq, Tehranın Amerika seçkilərinə təsir göstərməyə çalışdığı barədə təsəvvür yaratmaq istəyir. Bununla da müharibənin uzanmasının siyasi yükünü öz administrasiyasından uzaqlaşdırmağa çalışır. İkincisi isə seçiciyə mövcud iqtisadi və hərbi çətinliklərin qalıcı olmadığı və yaxın zamanda nəticə əldə ediləcəyi mesajını verməkdir".
Ekspert əlavə edib ki, burada diqqətçəkən bir ziddiyyət var:
"Əgər müharibənin nə vaxt başa çatacağı, həqiqətən, hərbi və diplomatik şərtlərdən asılıdırsa, bunun seçki tarixi ilə bu qədər açıq şəkildə əlaqələndirilməsi istər-istəməz "Müharibənin gedişi seçki hesablarına uyğun idarə olunurmu?" sualını gündəmə gətirir. Beləliklə, Trampın açıqlaması, bir tərəfdən, ictimaiyyətə inam aşılamağa xidmət etsə də, digər tərəfdən, müharibə ilə daxili siyasi hesablamalar arasındakı əlaqəni daha görünən edir.
Bu səbəbdən sözügedən açıqlamanı yalnız Trampın şəxsi nüfuzunu bərpa etmək cəhdi kimi qiymətləndirmək düzgün olmaz. Daha dəqiq desək, bu, nüfuz itkisini məhdudlaşdırmağa, müharibənin məsuliyyətini İranın üzərinə qoymağa və Respublikaçılar Partiyasının aralıq seçkilərdə üzləşə biləcəyi siyasi itkiləri azaltmağa yönəlmiş ritorika və böhran idarəetməsi strategiyasıdır. Çünki müharibə seçkilərə qədər davam edərsə, neft qiymətləri və həyat bahalılığı üzərində təzyiq artarsa və Vaşinqton konkret strateji uğur nümayiş etdirə bilməzsə, ABŞ seçicisi noyabrın 3-də yalnız İran siyasətinə deyil, birbaşa Tramp administrasiyasının liderlik qabiliyyətinə də qiymət verəcək".