Rusiya və Azərbaycan münasibətlərdə son illərin ən böyük böhranını arxada qoymağa çalışırlar. 2024-cü ilin sonlarında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması və ardınca yaranan diplomatik gərginlikdən sonra iki ölkə arasında əlaqələr kəskin surətdə pisləşmişdi. Son aylarda tərəflər tədricən dialoqa qayıdırlar: sentyabrın 7-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli əməkdaşlığı müzakirə edərək, müxtəlif səviyyələrdə təmasları aktivləşdirmək barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev böhranın fəsadlarını nə dərəcədə aradan qaldırmağın mümkün olub-olmaması, hansı ziddiyyətlərin hələ də qalması, Rusiyadakı Azərbaycan diasporu ilə bağlı məsələləri barədə Lenta.ru-ya müsahibəsində danışıb.
- Rusiya-Azərbaycan münasibətlərinin hazırkı mərhələsini necə qiymətləndirirsiniz?
- Xoşbəxtlikdən, böhranın kəskin fazası artıq geridə qalıb. İkitərəfli münasibətlərin hazırkı mərhələsi üçün müsbət dinamika xarakterikdir. Biz Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakterini, hökumətlər, müvafiq nazirlik və idarələr xətti ilə dialoqun, eləcə də regionlararası əməkdaşlığın fəallaşmasını qeyd edə bilərik.
Bu, əvvəlki trayektoriyaya qayıdışdır, yoxsa yeni modeldir? Düşünürəm ki, müəyyən dərəcədə hər iki fikir doğrudur: biz 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin ruhuna və hərfinə qayıdırıq, lakin artıq bir-birimizin mövqeyini daha yaxşı anlamaqla və maraqlarını nəzərə almaqla.
Azərbaycan və Rusiya ikitərəfli qarşılıqlı əlaqələri strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında daha da inkişaf etdirmək əzmindədirlər. Bu əhvali-ruhiyyəni ölkələrimizin prezidentləri martın 11-də və iyulun 28-də baş tutan telefon danışıqları zamanı bir daha təsdiqləyiblər.

- Bu gün Rusiya və Azərbaycan arasında hansı problem və fikir ayrılıqları daha kəskin olaraq qalır? Tərəflər onları necə aradan qaldırmağa çalışırlar?
- Azərbaycan-Rusiya münasibətləri dinamik və çoxşaxəli prosesdir. Təbii ki, müsbət məqamlarla yanaşı, mənfi hallar da üzə çıxır, ziddiyyətlər yaranır. Bir qayda olaraq, onlar ən yüksək və ali səviyyələrdə konstruktiv dialoq çərçivəsində öz həllini tapır.
Mən bəzi rusiyalı ekspertlərin, bloqerlərin və jurnalistlərin sosial şəbəkələrdə və KİV-də Azərbaycana qarşı yaratdıqları mənfi informasiya fonunu qeyd etməyə məcburam. Biz Rusiya tərəfinin diqqətini ölkəmizin və onun rəhbərliyinin ünvanına səslənən, fikrimizcə, strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən konkret təhqiramiz və təxribat xarakterli bəyanatlara cəlb etmişik. Və bu qəbulolunmaz vəziyyətin düzəldilməsi üçün Moskvanın prinsipial reaksiyasına və konkret addımlarına ümid edirik.
- Azərbaycan diasporu məsələləri üzrə Rusiyanın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət necə qurulur?
- Siz çox vacib bir sahəyə toxundunuz, burada da, təəssüf ki, ciddi problemlər və fikir ayrılıqları yığılıb.
Ötən ilin yayında Yekaterinburqda Azərbaycan vətəndaşlarının həlak olması ilə nəticələnən faciəvi insident ölkəmizin ictimai fikrində əsl şok yaradıb. Rusiyadakı Azərbaycan icmasının liderlərinə və nümayəndələrinə təzyiq göstərilməsi, habelə onların Rusiya vətəndaşlığından məhrum edilməsi halları da az narahatlıq doğurmur.
Aydındır ki, bu, Rusiyanın daxili işidir. Aydındır ki, bununla belə, bu cür qərarlar 28 aprel 2023-cü il tarixli "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" Federal Qanuna və federal icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlığın ləğvi üçün əsas olan hərəkətlərin törədilməsi barədə rəylərin verilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktlara uyğun olaraq qəbul edilməlidir. Mən bu qaydalara hər zaman əməl olunduğuna əmin deyiləm. Bütövlükdə, biz Rusiya tərəfinin Rusiyada yaşayan, təhsil alan və çalışan Azərbaycan icması nümayəndələrinin qanuni hüquq və mənafelərinin qorunması istiqamətində daha effektiv tədbirlər görməsini istərdik.
Biz Azərbaycanın rus icmasını və Rusiyanın azərbaycanlı icmasını millətlərarası və dövlətlərarası yaxınlaşmanın vacib amilləri kimi nəzərdən keçiririk. Ölkələrimiz və xalqlarımız arasında dialoq və əməkdaşlığın bu canlı körpüsünü dağıtmaq yox, qoruyub saxlamaq və möhkəmləndirmək lazımdır. Biz ümid edirik ki, Rusiya tərəfi bu yanaşmanı dəstəkləyəcək.

- Azərbaycan-Ukrayna qarşılıqlı əlaqəsi Rusiya üçün həssas olaraq qalır. Azərbaycan Ukrayna münaqişəsinin mümkün başa çatdırılmasını necə görür? Dayanıqlı nizamlanmanın əsasını hansı prinsiplər təşkil etməlidir?
- Azərbaycanın mövqeyini ölkəmizin Prezidenti İlham Əliyev dəfələrlə və açıq şəkildə, o cümlədən bu yaxınlarda Şuşada keçirilən beynəlxalq media forumunda bəyan edib.
Biz dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini qətiyyətlə və ardıcıl olaraq dəstəkləyirik. Heç bir dövlətin sərhədləri güc tətbiq etməklə və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada bizim mövqeyimiz dəyişməzdir.
- İyul ayında Rusiya və Almaniya nümayəndələrinin Bakıda qapalı görüşünün keçirildiyi məlum oldu. Ukrayna nizamlanması üzrə beynəlxalq təmaslarda Azərbaycan hansı rolu oynaya bilər - dialoq platforması, əlaqə kanalı, yoxsa humanitar təşəbbüslərin iştirakçısı?
Sadaladığınız rollardan hər hansı biri gələcəkdə tələb olunarsa, Bakı, əlbəttə ki, müvafiq təkliflərə baxacaq və onlara reaksiya verəcək. Lakin hələlik bu məsələ ilə bağlı konkret bir söz deyə bilmərəm.
- İkitərəfli münasibətlərin digər həssas məqamı 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəzaya uğraması oldu. Həlak olanların ailələrinə kompensasiyaların ödənilməsi məsələsi hansı mərhələdədir? Azərbaycan tərəfi hansı detalları açıq şəkildə şərh etməyə hazırdır?
AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələlər, o cümlədən kompensasiyaların ödənilməsi bu ilin aprelində Azərbaycan və Rusiya prezidentlərinin ötən il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq tamamilə tənzimlənib.
Biz ikitərəfli münasibətlərimizdəki bu kədərli səhifənin bağlandığını qəbul edirik və münasibətlərin normallaşması prosesini fəal şəkildə dəstəkləyirik. Bu məsələnin ədalətli həlli Bakı və Moskvanın bir-biri ilə münasibətlərə yüksək dəyər verdiyinin və müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında ikitərəfli əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə çalışdıqlarının növbəti sübutu oldu.
Bu kontekstdə mən ölkəmizin Prezidentinin Rusiyaya münasibətdə irəli sürdüyü çox vacib bir tezisə diqqət çəkmək istərdim: ölkələrimiz arasındakı münasibətlər təkcə ikitərəfli formatda deyil, həm də daha geniş coğrafiya üçün əhəmiyyətlidir.
Bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur.
