İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində İsrailə hücum cəhdlərinin ola biləcəyini deyib.
Oxu.Az İsrailin "9-cu kanal"ına istinadən xəbər verir ki, Netanyahu bu barədə Tel-Nof aviabazasına səfəri zamanı danışıb.
"Seçki ərəfəsində düşmənlərimizin bizə hücum etməyə cəhd göstərəcəklərinə dair əlamətlər var", - deyə Netanyahu bildirib.
O, İsrailin istənilən təhdidə cavab verməyə hazır olduğunu vurğulayıb.
"Bizimlə işiniz olmasın. Uzun əllərimiz sizi istənilən yerdə və istənilən vaxt tapacaq", - İsrail hökumətinin başçısı qeyd edib.
Qeyd edək ki, İsraildə parlament seçkisi oktyabrın 27-də keçiriləcək.