"Möhtərəm Prezident, bu kənddə boya-başa çatan bir adam, burada çalışan bir müəllim kimi bu gün Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir".
Oxu.Az xəbər verir ki, bunu mayın 9-da Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli sakinləri ilə söhbəti zamanı sakin deyib.
"Sizin uğurlu siyasətinizin, qəhrəman oğullarımızın şücaəti nəticəsində bu doğma torpaqlarımız bizə qayıtdı. Mən 40 yaşımda buradan çıxmışam, indi 73 yaşım var. Mən Sizinlə fəxr edirəm. Sizin bütün çıxışlarınızı, xarici jurnalistlərə verdiyiniz cavabları - hamısını diqqətlə izləyirik və Sizinlə fəxr edirik. Biz də çalışacağıq ki, Sizin adınızı həmişə ucaldaq", - deyə o qeyd edib.