Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə növbəti dəfə gərginlik müşahidə olunur. Baxmayaraq ki, sülhməramlı kontingentin rəhbərliyi vəziyyətə nəzarət etdiyini deyir, amma hadisələrin gedişatı başqa mətləblərdən xəbər verir.
“Kaspi” qəzeti gündəmdəki əsas məsələ ilə bağlı geniş məqalə dərc edib.
Bu məsələdən danışarkən xüsusilə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixində Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli sənədə istinad etmək lazımdır. Çünki həmin sənədin müvafiq bəndinə əsasən, Ermənistan öz hərbi birləşmələrini sülhməramlıların nəzarətində olan ərazidən çıxarılmalı idi. Amma ötən müddət ərzində bununla bağlı real addımların atılmasını müşahidə etmirik. Əksinə, bu günlərdə ermənilər Fərrux dağı və kəndi istiqamətində təxribat törətməyə cəhd ediblər. Hətta Ermənistandan Xankəndi istiqamətinə separatçıların gətirilməsi və onların sülhməramlıların gözü qarşısında silahlandırılması ilə bağlı görüntülər də yayılıb.
Maraqlıdır ki, Ermənistan bir tərəfdən deyir ki, Azərbaycanın şərtləri əsasında sülh müqaviləsi imzalamağa hazırdır, digər tərəfdən də ordusunun tör-töküntülərini, qanunsuz hərbi birləşmələrini sülhməramlıların nəzarətində olan ərazidən çıxarmır. Azərbaycan Ordusunun da öz suveren ərazisində apardığı dislokasiyaya görə vay-şivən salır, təxribatlar törətməyə cəhd göstərir. Belə bir vəziyyətdə proseslər hansı istiqamətdə və necə inkişaf edəcək?
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Ermənistan üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq silahlı qüvvələrinin qalıqlarını bölgədən çıxarmır: "İrəvan, həmçinin sözügedən bəyanatın 6-cı maddəsini pozaraq Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Ermənistan Azərbaycanın önə sürdüyü təkliflər paketi əsasında ikitərəfli danışıqlara başlamaqdansa, 30 ildə münaqişənin nizamlanması prosesində uğursuzluğa düçar olmuş beynəlxalq vasitəçiləri, regiondan kənarda olan ölkələri vasitəçi kimi cəlb etməyə səy göstərir. Çox təəssüf ki, İrəvan yenidən 1992-ci ildən 2020-ci ilə qədər davam edən nəticəsiz danışıqlar prosesinin yeni formada, lakin köhnə məzmunda bərpası, davam etməsi xəttini əsas götürüb. Aşkar görünür ki, Azərbaycanın ərazi bütövlüyünü tanınmağa, sərhədlərin delimitasiya və demarkasiyası işlərinə başlamağa Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin iradəsi çatmır”.
Politoloq qeyd etdi ki, Azərbaycanın qalib gəldiyi 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda sülh sazişi üçün alternativ şərtlər qəbul edilə bilməz: "Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatını imzalamaqla, artıq bunu qəbul edib. Məhz bu şərtlərlə Ermənistanın kapitulyasiyası qəbul edilib və Rusiyanın moderatorluğu ilə danışıqların başlamasına Azərbaycan razılıq verib. Məhz bu şərtlər regionda davamlı sülhə təminat verə bilər və bölgədə əməkdaşlıq üçün imkanlar yaradar. Ermənistanın bu mövqeyə əks siyasət yürütməsi həm də davamlı sülh əldə olunması imkanlarını əldən verməsi deməkdir. Eyni zamanda belə yanaşma diktə edir ki, Azərbaycan növbəti dəfə öz imkanları hesabına Ermənistanı məcbur etsin ki, 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirsin. Ermənistan ilk növbədə əməli olaraq xoş məramını və sülh istəyini nümayiş etdirməli, silahlı qüvvələrinin qalıqlarını və qanunsuz erməni hərbi birləşmələrini Qarabağ bölgəsindən çıxarmalı, orada məskunlaşmış ermənilər üçün əlahiddə bir status tələbindən geri çəkilməlidir. Bu addımlar atıldıqdan sonra Ermənistanın gerçəkdən sülh üçün çalışdığını söyləmək olar. Ancaq bu addımlar atılmadıqca İrəvandan səslənən bütün sülh çağırışları növbəti blef kimi dəyərləndiriləcək”.
Z.İbrahimli vurğuladı ki, Ermənistan bu mövqeyindən geri çəkilməsə, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan sərhədləri daxilində ərazi bütövlüyünün təmin olunması üçün siyasi-diplomatik vasitələrdən kənar addımlar atmaq məcburiyyətində qalacaq: "Ermənistan yaxın perspektivdə sülh üçün əməli addımlar atmazsa, Azərbaycanın daha sərt reaksiyası ilə üzləşəcəyi şübhəsizdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu vaxta qədər atdığı qətiyyətli və düşünülmüş addımlar erməniləri gözləyən aqibət barədə şübhə yeri qoymur. Bu addımlar Azərbaycan rəhbərliyinin qətiyyətini, xalqımızın əzmini, Azərbaycan Ordusunun imkanlarını bütün dünyaya nümayiş etdirib. Ermənilərin mövqeyi dəyişməsə, Azərbaycan hərbi imkanlarından daha fəal və geniş miqyasda istifadə etməli olacaq. Bu da Ermənistan üçün yaxşı heç nə vəd etmir”.