Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vladimir Putinin Qafqaz turu: Moskvanı hansı problemlər daha çox qayğılandırır?
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfər edəndən sonra federasiyanın subyektləri olan respublikalara da baş çəkməsi bir sıra maraqlı məqamları gündəmə gətirib. Belə ki, Putin 2011-ci ildən bəri ilk dəfə Çeçenistana səfər edib. Bununla yanaşı, Rusiya dövlət başçısı Kabarda-Balkariya və Şimali Osetiyanı da səfər proqramına əlavə edib. Təbii ki, Cənubi və Şimal Qafqaza ardıcıl səfərlər bir sıra suallar yaradıb və Kremlin yeni addımlarının anonsu kimi dəyərləndirilib. Üstəlik, digər diqqətçəkən məqam Vladimir Putinin regionda səfər etdiyi respublikalarla bağlıdır. Məsələn, Rusiyanın dövlət başçısı Şimali Qafqazda önəmli nüfuza malik subyektləri - Çeçenistan, Kabarda-Balkariya və Şimali Osetiyanı, Cənubi Qafqazda isə yalnız suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş, regionda yeni reallıq yaradan Azərbaycanı ziyarət edib. Bu isə ilk növbədə, regionda kimin yanında olmağın, kimə etibar etməyin əsas göstəricisidir.
Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Oqtay Qasımov hesab edir ki, Vladimir Putinin Cənubi Qafqazda yalnız Bakıya səfər etməsi Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini əks etdirən hadisədir:
"Vladimir Putinin Ermənistana səfər etməsi problemlidir. Çünki Nikol Paşinyan hakimiyyətə gələndən sonra Rusiya-Ermənistan münasibətləri gərginləşməyə başlayıb və İrəvan Moskvanın təsirindən çıxaraq Qərbə yaxınlaşmağa çalışır ki, bu da münasibətlərə kifayət qədər mənfi təsir göstərir. Üstəlik, Ermənistanın ötən ilin sentyabrında Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu təsdiqləməsi Putinin Ermənistana girişi ilə bağlı müəyyən problemlər yaradır. Gürcüstanla bağlı isə 2008-ci il hadisələrinə nəzər salmaq lazımdır. Belə ki, iki ölkə arasında beşgünlük savaşdan sonra münasibətləri minimuma enib və belə bir şəraitdə Rusiya prezidentinin Gürcüstana da səfər etməsi mümkün deyil.
Amma Azərbaycanla Rusiya arasındakı əlaqələr davamlı şəkildə inkişaf edir və hazırda müttəfiqlik səviyyəsinə çatıb. Eyni zamanda, Rusiya Azərbaycanı özünün etibarlı və vacib tərəfdaşı hesab edir. Xüsusən də Azərbaycanın yaratdığı yeni reallıqlar, müstəqil siyasət yürütməsi və onun vasitəsilə qonşularına, o cümlədən Rusiyaya qarşı hansısa bir prosesin həyata keçirilməsinin mümkünsüzlüyü həm Rusiya prezidentinin, həm də Rusiya dövlətinin Azərbaycana münasibətinin yüksək səviyyədə olmasına əsas yaradır. Bu baxımdan, Rusiyanın Cənubi Qafqazda ən çox etibar etdiyi və hörmətlə yanaşdığı tərəfdaş Azərbaycandır".
"O ki qaldı Putinin Şimali Qafqaza səfərinə, təbii ki, bu, ilk növbədə, Putinin prezidenti olduğu dövlətin ərazilərinə səfəri kimi dəyərləndirilməlidir. Sadəcə olaraq, Putinin Bakı səfərindən sonra Şimali Qafqazı ziyarət etməsi onu göstərir ki, Rusiyanın Cənub cinahı ilə bağlı müəyyən qayğıları var. Xüsusilə də Cənubi Qafqazda aparılan geosiyasi savaş, Qərbin Ermənistan üzərindən bölgəyə nüfuz etməyə çalışması və Rusiyanı sıxışdırmaq istəyi, təbii ki, Moskvanı narahat edir. Rusiya çox yaxşı bilir ki, Cənubi Qafqazda baş verən hadisələr istər-istəməz Şimali Qafqaza da təsir edir. Buna görə də Vladimir Putinin Qafqaz səfərlərini həm də onun təhlükəsizlik qayğıları ilə əsaslandırmaq olar", - deyə analitik vurğulayıb.
Müsahibimiz hesab edir ki, Şimali Qafqaz kifayət qədər qarışıq bir regiondur:
"Orada müxtəlif etnik qruplar, milli azlıqlar yaşayır və buna görə də bu region hər zaman qaynamağa hazır qazan kimidir. Necə ki 1990-cı illərdə Rusiya bu təcrübəni yaşayıb. Həmçinin, Şimali Qafqaz nisbətən Ukrayna savaşına, eləcə də Qara dəniz hövzəsinə yaxın regiondur. Bu baxımdan, bu səfəri həm də Rusiya prezidentinin dünyada gedən proseslərin tərkib hissəsi kimi də dəyərləndirmək lazımdır".
Siyasi şərhçi Zeynal Əmrəliyev isə hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin səfər marşrutuna diqqət yetirsək, onu Qafqaz turu adlandıra bilərik:
"Rusiya dövlət başçısının Cənubi Qafqazda üç ölkədən yalnız Azərbaycanı ziyarət etməsi xüsusi önəm kəsb edir. Putin Gürcüstana gedə bilməzdi. Çünki Tbilisi və Moskvanın münasibətləri 2008-ci il müharibəsindən sonra faktiki olaraq qopmuş vəziyyətdədir. Putin, həmçinin, bir zamanlar Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistana da getmədi. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra İrəvanla Moskva arasında soyuqluq var. Ona görə də Rusiya lideri üçün Cənubi Qafqazda əsas etibarlı tərəfdaş yalnız Azərbaycandır".
"Putinin Şimali Qafqaz ziyarəti isə tamamilə yerinə düşdü. Kabarda-Balkariyada son illər terrorizm artıb. Bu bölgə vaxtilə federasiyanın ən sakit subyekti idi. Ancaq son zamanlar cinayətkarlıq xeyli dərəcədə yüksəlib. Putin Nalçikdə muxtar respublika rəhbərliyi ilə görüşdə, ehtimal ki, bu məsələni onların diqqətinə çatdıraraq iradlarını bildirib. Rusiya liderinin Şimali Osetiyanı ziyarət etməsi və xüsusilə Beslan faciəsinin qurbanlarının xatirəsi üçün inşa edilmiş abidənin önündə diz çökərək dualar etməsi də strateji siyasətin nəticəsi idi. Şimali Osetiyanın ictimai təşkilatları muxtar respublika rəhbəri Sergey Menyayloya müraciət edərək osetin gənclərin müharibəyə aparılmamasını istəmişdilər. Çünki osetin xalqının sayı, onsuz da, azdır və savaşdan sonra daha da azalıb. Putinin Beslandakı davranışı da, sadəcə olaraq, osetin xalqını sakitləşdirmək üçün edilmiş bir jest idi", - şərhçi deyib.
Onun sözlərinə görə, Rusiya liderinin Çeçenistan ziyarəti cəbhədə olan çeçen döyüşçüləri, xüsusilə Ramzan Kadırovun elit dəstəsi olan "Axmat" xüsusi təyinatlılarının ard-arda gələn uğursuzluğu fonunda baş verib:
"Ehtimal ki, Qroznıda baş tutan Kadırov-Putin görüşündə həm cəbhədəki vəziyyət, yeni çeçen döyüşçülərin hazırlanması, həm də Çeçenistanın daxili vəziyyəti müzakirə edilib".
Mərahim Nəsib