"Çox çətin günlər yaşadıq. Müharibə, itki gördük. Amma bu onilliklər ərzində ümidimizi heç vaxt itirmədik. Bu gün də o itirmədiyimiz ümidlərin sayəsində öz yurdumuza qayıdırıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Bakıdan Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Ramiz Əşrəf oğlu Nəbiyev deyib.
O bildirib ki, gənc yaşlarında çıxdığı doğma yurduna ailəsi, nəvələri ilə qayıdır:
"Bundan sonrakı həyatımızı Xıdırlıya həsr edəcəyik, qurub-yaradacağıq. Bütün dünya görsün ki, biz dağıdılan, xarabalığa çevrilən torpaqlarda cənnət yaradırıq, cənnəti ruhlar şəhərinə çevirənlərdən deyilik.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 58 ailə (225 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Rövşən Əsədov