"Şəhidlərimizin, qazilərimizin canı-qanı, Ali Baş Komandanımızın dəmir iradəsi sayəsində biz bu gün öz doğma yurdumuza qayıdırıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Bakıdan Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Murad İbrahim oğlu Səfərov deyib.
O bildirib ki, bu gün ailəsi ilə öz doğma yurduna qayıdır:
"Ağdamdan yeddi nəfərlə çıxmışdıq, indi isə dörd nəfərlə qayıdırıq öz evimizə, doğma torpağımıza. Ağdamda görülən işlər sanki bir möcüzədir. Hər şeydən çox razıyıq.
Bakıda yataqxanada da yaşadıq, kirayədə də yaşadıq, amma sabahdan öz evimizdə, öz yurdumuzda əbədi yaşayacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 104 ailə (370 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Rövşən Əsədov