May
2014
11:40
28
3
4656
Virtual karabakh

Ziba Qəniyeva. Əfsanə qadının hekayəsi - FOTO

Cəsur qız kəşfiyyata və ya döyüşə gedən döyüşçülərlə bərabər idi.

Dünyada elə qadınlar var ki, Allah onları yaradarkən cəsarət, kamal və gözəllik də verir. Onlar kişilərin heç yuxusuna da girməyəcək şücaətə malik olurlar, amma bununla yanaşı hər bir halda əsl qadın olaraq qalırlar - şəfqətli, mehriban və həddən artıq gözəl. 

Belə nadir qadınlardan biri də həmyerlimiz Ziba Qəniyeva idi.

Qeyri-adi gözəlliyə malik 17 yaşlı qız Böyük Vətən Müharibəsi illərində öz alayının siyahısında snayper-kəşfiyyatçı-ratsiyaçı kimi qeyd olunmuşdu. Razılaşın ki, zərif, Hollivud aktrisalarının görünüşünə malik qız üçün bu, gözlənilməz idi.

O, 1923-cü ildə Şamaxı şəhərində anadan olub. 1940-cı ildə Moskvaya gedir və Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olur. Amma başlayan müharibə onun bütün planlarını alt-üst edir. 

Müharibənin ilk günlərində yüz minlərlə digər tələbə kimi Ziba da hərbi komissarlığa cəbhəyə getmək üçün müraciət edir. Bir neçə gün sonra onun xahişi qəbul edilir və gənc qız atıcılıq kurslarının müdaviminə çevrilir, bu kursları bitirdikdən sonra isə 1941-ci ildə Moskva uğrunda döyüşlərdə iştirak edirdi.

Taburda ratsiyaçı-kəşfiyyatçı olur. 1941-ci ilin həyəcan dolu qışında 16 dəfə düşmən arxasına keçərək, ratsiya ilə vacib məlumatları ötürürdü və düşmən haqqında xəbərlər verirdi. Cəsur qız kəşfiyyata və ya döyüşə gedən döyüşçülərlə öndə gedərək onların rəğbətini qazanmışdı. Döyüş şəraitində Ziba Qəniyeva snayperlik sənətini də mənimsəyir.

Döyüşçü rəfiqəsi V.Qalaninanın xatirələrindən:

“1942-ci ilin yazında bizim taburun hücumu başa çatdı, biz Zibayla bərabər  müvəqqəti sakitlikdən istifadə edərək, snayper “ovu” ilə əsaslı məşq etmək qərarına gəldik. Mövqelərimizdə on metrlərlə aralıda hitlerçi əsgərləri yerləşirdi və səngərlərini möhkəmləndirirdilər. 
Onlar özlərinə çox arxayın davranırdılar. Biz mövqe seçərək məqsədimizi təyin etdik. Bərabər atəş açdıq və iki faşist eyni anda öldürüldü”.

3-cü Moskva Kommunist atıcı taburun tərkibində Ziba Qəniyeva 1941-ci ilin noyabr ayının 7-də Qırmızı Meydanda keçirilən məşhur paradda iştirak edib. Leninqrad və Şimali-Qərb cəbhələrində döyüşlərdə iştirak edib.

1942-ci ilin yanvar ayında 3-cü Moskva Kommunist atıcı taburun bazasında 130-cu atıcı tabur yaradılır. 151-ci moto-atıcı kəşfiyyat batalyonunun snayper-kəşfiyyatçısı Ziba Qəniyeva Leninqrad vilayətinin Çernoye Ojetsı, Lunevo və Dyaqilyov kəndləri ərazisində 1942-ci ilin aprel ayının 12-dən may ayının 23-nə qədər fəaliyyət göstərib, bu müddət ərzində 20 alman məhv edib, bunlardan ikisi zabit idi.

1942-ci ilin may ayının 23-də Ziba Qəniyeva Leninqrad vilayətinin Molvotiski rayonunun Bolşoye Vraqovo kəndi uğrunda gedən döyüşlərdə xüsusilə seçildi. Bolşoye Vraqovo kəndinin qarnizonu üzrə snayper atəşi açmaq tapşırığını alan Qəniyeva kəndin şərqindəki yüksəkliklərə qalxdı. Tank tağımının hücumundan sonra düşmən geri çəkilməyə başladı, o, 9 döyüşçüdən ibarət qrup təşkil edərək geri çəkilən düşməni atəşə tutdu. Özü irəli keçərək isə altı alman öldürdü.

Bu zaman isə kəndin özündə sovet döyüşçüləri hücuma keçmişdilər. Qəniyevadan onlara yardım etməsi barədə xahiş edildi. Daha 6 döyüşçü götürərək qrupunu yardıma apardı. Kəndə doğru irəliləyərkən, Zibanın dəstəsi dağılmış binada mövqe tutmuş avtomatçı tərəfindən atəşə tutuldu. Amma Ziba özünü itirmədi, düşmənin arxasına keçərək onu güllələdi. Bu zaman isə güclü bombardman başladı və Qəniyeva qəlpə yarası aldı. Tezliklə düşmən kənddən çıxarıldı. Yarasına sarğı qoyulan kimi Qəniyeva alay komandirinə məruzə üçün gəldi. 

Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə Şimali-Qərb cəbhəsinin qoşunlarının 1942-ci il 16 iyul tarixli  0869 №li əmrinə əsasən snayper-kəşfiyyatçı Ziba Qəniyeva “Qızıl Bayraq” ordeni ilə təltif edildi.

Böyük Vətən Müharibəsi illərində o, 129 işğalçı məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə Ziba Qəniyeva çoxsaylı dövlət mükafatları ilə, o cümlədən  “Qırmızı Bayraq” ordeni və “Qırmızı Ulduz” ordeni ilə, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib.  

O, Sovet Sosialist Qəhrəmanı adına da layiq görülə bilərdi, amma onun anası repressiya qurbanı olduğu üçün mükafat vərəqi doldurulmamış qaldı. 

1942-ci ildə Zibanı Nikolay Mixayloviç Şvernik (SSRİ Ali Şurasının Prezidiumunun sədri) və onun həyat yoldaşı Mariya Fyodorovna Şvernik hamiliyə götürdülər. 

Moskva hospitalında işləyən Mariya Fyodorovna qızın sözün əsl mənasında həyatını xilas etdi, çünki Ziba qan zəhərlənməsindən ölürdü. On bir ay Mariya Fyodorovna onun yatağının yanından çəkilmədi. O ayağa qalxanda isə yaşla dolmuş gözlərini ona dikərək: “Bütün normal qadınlar övladını 9 ay bətnində gəzdirir mən isə sənə 11 ay keşik çəkdim”. Beləcə Ziba Nikolay Mixayoviçin və Mariya Fyodorovnanın qızı oldu.

Müalicədən sonra cəbhəyə qayıtdı. İkinci dəfə yaralanandan sonra isə 2 ilə yaxın müddəti hospitalda keçirdi, tərxis edildi və bir daha döyüşlərdə iştirak etmədi.
Qələbədən sonra məşhur diplomat, SSRİ-nin Türkiyədə müvəqqəti səfiri olan Tofiq Qədirovla ailə qurdu. Tarixlə məşğul oldu, şərqşünaslıq üzrə doktorluq dərəcəsi aldı, professor olmasına baxmayaraq, daima təvazökar insan olaraq qaldı.

“Qırmızı Bayraq”, “Qırmızı Ulduz”, “1-ci dərəcəli Vətən Müharibəsi” (1985-ci ildə Qələbənin 40 illiyi şərəfinə) ordenləri, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib. 

Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.

Aliyə İsmayılzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri