Azərbaycanın məşhur otellərinin birində - “Sapphire Marine” hotelində qeyri-adi praktika tətbiq edilir.
Oxu.Az xəbər verir ki, turist mövsümünün ən qaynar çağında bu hoteldə dünyanın sivil ölkələrində rast gəlinməsi mümkünsüz olan qadağa qüvvədədir.
Belə ki, rəsmi nikahı haqqında sənəd təqdim etməyən cütlüklər bu hotelin qonağı ola bilməzlər.
Maraqlısı odur ki, bu qadağa yalnız və yalnız Azərbaycan vətəndaşlarına aiddir. Yəni, hoteldə qeydiyyat zamanı əcnəbi vətəndaşlardan yalnız pasport tələb olunur (dünya praktikasıdır) və ondan sonra həmin şəxslər hoteldə kimlə istəsələr, qala bilərlər, istəyir üç, istəyir beş yüngül əxlaqlı qadın olsun...
Hotel əcnəbiləri açıq şəkildə ölkə vətəndaşlarından üstün tutaraq, hotellərin bron olunması üçün dünyada ən çox istifadə olunan Booking.com saytında bu barədə elan yerləşdirib:
Gördüyümüz kimi, “Sapphire Marine” müştərilərə əvvəlcədən xəbərdarlıq edir: Azərbaycan vətəndaşları, nikah kağızınız yoxdursa, zəhmət çəkib qapımızı döyməyin.
Maraqlıdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına və xüsusən də turizm sahəsinə bu qədər diqqət yetirildiyi dönəmdə, ucqar rayon və kəndlərimizdə deyil (regionların spesifik xüsusiyyətlərini, bəzən adət-ənənələrin qanundan üstün qüvvə daşıdığı yerlərin mövcudluğunu nəzərə alırıq), məhz paytaxda yerləşən hoteldə belə bir halın yaşanması təəccüb doğurmaya bilmir.
Və bu məsələdə öndə olan “ Sapphire Marine” hotelin ölkə vətəndaşlarına qarşı təhqiramiz, azərbaycanlıları alçaldan tələbidir. Yəni, əgər hotel rəhbərliyini mənəvi dəyərlər, adət-ənənələr maraqlandırırsa, o zaman niyə qadağa yalnız Azərbaycan vətəndaşlarına şamil olunur?
Xaricdən gəlib hoteldə qalan, bəzi hallarda yüngül əxlaqlı qızların iştirakı ilə əyləncələr təşkil edən əcnəbilərin hərəkətləri halaldır, Respublika vətəndaşının sevdiyi şəxs, münasibəti olduğu adamla hoteldə nömrə sifariş etməsi – haram?
Rəylər