Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sahibsiz itlərin hücumuna görə kim məsuliyyət daşıyır? - FOTO
Son günlər paytaxtda yenidən sahibsiz itlərin küçələrdə sürü halında gəzdiyini müşahidə edirik. Bu heyvanlar nəinki gecələr, elə səhər saatlarında da insanlara təhlükə yaradır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi ilə əlaqə saxladıq.
İdarənin rəisi Mübariz Hüseynov Oxu.Az-a bildirdi ki, qurum tərəfindən küçələrdəki itlər toplanır:
“Heyvanlara quduzluğa qarşı iynə vurulur, dərmanlanır və yenidən küçələrə buraxılır. Yaxın günlərdə itlər üçün keyidici iynələr gətiriləcək. Həmin iynələr vasitəsilə daha çox itlər toplanacaq. Bu ilin altı ayı ərzində küçədən 300-dən çox it toplanıb”.
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova bildirib ki, son illər heyvan dişləmələrinin sayı artıb:
“Bu ilin altı ayı ilə ötən ilin müvafiq dövrünü müqayisə etsək, 13 heyvan dişləməsi faktı artıb:
“İlk pillədə itlər tərəfindən dişləmə üstünlük təşkil edir. Daha sonra siçovullar, pişiklər, çaqqal, tülkü, canavar tərəfindən insanların dişlənməsi faktlarıdır. Vəhşi heyvanlar daha çox meşələrə yaxın yerlərdə olan insanlara hücum edib”.
Rita İsmayılova qeyd edib ki, it dişləməsi ilə bağlı bu il ölüm hadisəsi qeydə alınmayıb:
“Vaksinasiya işləri vaxtında icra edilib”.
Qeyd edək ki, 2017-ci ildə 26935 heyvan dişləməsi faktı qeydə alınıb. 2016-ci ildə bu rəqəm 19331 olub.
2009-cu ildən ölkədə Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi fəaliyyət göstərir. Belə ki, küçədə olan sahibsiz heyvanlar toplanaraq mərkəzə gətirilir.
Mərkəzin direktor köməkçisi Vüsalə Əli bildirib ki, hazırda sığınacaqda 80-ə yaxın sahibsiz heyvan var:
“Əvvəllər 200-ə yaxın sahibsiz heyvan saxlaya bilirdiksə, indi sponsor dəstəyimiz olmadığı üçün küçədən yeni itlər yığa bilmirik. Mərkəzdə olan heyvanların insanlar tərəfindən sahibləndirilməsinə çalışırıq. Çünki sponsor olmadığı üçün onlara baxmaq çətindir. Əməkdaşlarımızın çoxu işdən çıxarılıb. 15-16 nəfərlik komanda ilə buradakı sahibsiz heyvanları güclə saxlayırıq”.
Vüsalə Əlinin sözlərinə görə, 2009-cu ildən bu günə qədər altı minə yaxın sahibsiz heyvan müalicə edilib, qısırlaşdırılıb, küçəyə buraxılıb:
“Artımın qarşısının alınmasının ən optimal yolu küçə heyvanlarının qısırlaşdırılmasıdır. Biz onları peyvəndləyir, qısırlaşdırırdıq. Heyvanları öldürməyə heç bir ixtiyarımız yoxdur”.
Direktor köməkçisi qeyd edib ki, Azərbaycanda sahibsiz heyvanları saxlamaq istəyənlər azdır. Gələn heyvanlar burada qalır. Elə heyvan var ki, altı ildir buradadır. İnsanlar sahiblənirlər və bir ay sonra yenidən geri qaytarırlar. Dünən və bu gun iki heyvan geri qaytarılıb. Hamı həvəslə gəlib aparır və sonra qaytarır”.
Bu ilin altı ayında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən quduzluq xəstəliyinə qarşı 240 644 baş it (o cümlədən 1 900 baş sahibsiz it) peyvənd olunub.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər