Xəzər dənizi vətəndaşlar tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə çirkləndirilib.
Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır:
“Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirləndiricilər kimi xaraterizə edilir. Vətəndaşlar öz istirahətlərini təşkil edən zaman ekoloji təmizliyə riayət etmirlər.
Aparılan müşahidələr onu deməyə əsas verir ki, sahillərin 99 faizi vətəndaşlar tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə çirkləndirilib”.
Nazirlik rəsmisi qeyd edib ki, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün ekoloji pozuntulara qarşı tələbkarlıq dərinləşməlidir:
“Sahil zonasında fəaliyyət göstərən müəssisələrə və digər çirkləndirici subyektlərə isə davamlı olaraq xəbərdarlıqlar edilir. Bəzi obyektlərdə, məsələn, “Matros” və “Həyat” istirahət mərkəzlərində məişət-çirkab sularının müvafiq təmizləyici qurğular vasitəsilə təmizlənərək axıdıldığı, yəni qanunvericiliyə riayət edildiyi qeydə alınsa da, məişət tullantılarının qalaqlandığı və düzgün idarə olunmadığı müəyyən edilib.
Qeyd edək ki, verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması haqqında nazirlik tərəfindən aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılması qərara alınıb.
Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin”.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər