Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Onların nəslini biz kəsirik - VİDEO
Bakıda restoranların birində müştərilərə nəsli kəsilmək üzrə olduğundan adı “Qırmızı kitab”a salınan oxatan kirpi əti verilib. Bununla bağlı yayılan video tezliklə cəmiyyətdə reaksiya doğurub, ictimaiyyətin məsələyə münasibəti birmənalı olmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məsələ barədə Oxu.Az-a açıqlamasında bildirib ki, ayı, cüyür, ceyran, oxatan kirpi kimi təbiətdən götürülmüş vəhşi heyvanların restoranlarda müştərilərə satılması barədə araşdırmalar aparılır:
“Bizdə olan məlumata görə, oxatan kirpinin restoranda müştərilərə verilməsi ilə bağlı hadisə bir neçə il öncə baş verib və tərəfimizdən tədbirlər görülüb. Adıçəkilən heyvanların müştəriyə satılması barədə Ekologiya və Təbii sərvətlər Nazirliyinə məlumat daxil olarsa, əti restorana satan ovçu müəyyən edildikdə İnzibati Xətalar Məcəlləsinə görə 1000-2000, qanunsuz ova və təbiətə dəymiş ziyana görə əlavə məbləğdə cərimə tətbiq olunur.
Eyni zamanda, burada restoran sahibi də cərimələnməlidir. Çünki burada söhbət əhaliyə mənşəyi məlum olmayan heyvan ətinin təqdim edilməsindən gedir”.
Kirpinin ətinin yeyilməsinin təhlükəli olduğunu bildirən direktor qeyd edib ki, onlar gəmiricilər sinfinə daxildir:
“Siçan, siçovul, qunduz, sincabla eyni növdəndir. Ətinin yeyilməsi düzgün deyil. Onu yeməklə sağlamlığa zərər verirlər”.
Hikmət Əlizadənin sözlərinə görə, bu il ərzində “Qırmızı kitab”a 223 növ heyvan salınıb:
“Buraya həşəratlar, sürünənlər, məməli heyvanlar və digər növlər daxildir. Bu il icazəsiz ova görə 100-dən çox brakonyer saxlanılıb. Onlara cərimələr tətbiq olunub, bəzilərinin ovçuluq hüququ ləğv edilib”.
Direktor qeyd edib ki, restoran, iaşə müəssisələri sahibləri mənşəyi məlum olmayan heyvan, quş ətini müştərilərə təqdim edən zaman qanun pozuntusuna yol verirlər:
“Burada cinayət də var. Söhbət mənşəyi bilinməyən heyvan ətinin əhaliyə satılmasından gedir ki, bu da onların sağlamlığına zərər verə bilər. Çünki bu cür heyvanlar vəhşi təbiətdə yaşayırlar və müxtəlif xəstəlik daşıyıcısı olurlar. Xəstəlik insanlara keçə bilər. Bu, böyük qanun pozuntusu və cinayətdir. Bununla aidiyyəti qurumlar məşğul olurlar”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, Azərbaycanda ovu qadağan edilən heyvan ətləri restoranlarda müştərilərə təqdim edilir:
“Bu, hamıya məlumdur. Əslində, restoran sahiblərinin bunu etməsi qanunsuzdur. Digər tərəfdən, bizim ata-babalarımızın yemədiyi ətləri, xaricilərdə nə görürlərsə, restoranlarda tətbiq edirlər. Ovlanması qadağan edilən heyvanların müştərilərə verilməsi barədə hallara rast gəlinir”.
Ekspert qeyd edib ki, bəzi restoranlarda cüyür, ceyran, ayı əti verilir:
“Qadağan olunubsa, onları vermək düz deyil. Əgər bu cür heyvanlar restoran sahiblərinə satılırsa, onlar bu heyvanların ətini satan ovçular barədə aidiyyəti qurumlara məlumat verməlidirlər”.
Bəs, restoran sahibi menyuya mənşəyi məlum olmayan heyvan əti sala bilərmi?
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov məsələ barədə bildirib ki, restoran sahibi hansı əti istəyirsə, müştərilərə təqdim etməkdə azaddır:
“Sadəcə olaraq, menyuda hansı heyvanın ətinin, yeməyin tərkibinin nədən ibarət olduğu qeyd edilməlidir. Müştəri nəyi istəsə, yeyə bilər. Azərbaycan azad dövlətdir. Məsələn, bəzi restoranlarda Koreya, Çin mətbəxinə aid olan menyular təqdim edilir.
Orada insanlar Koreyadan gələn xüsusi itlərin ətini yeyə bilərlər. Restorana heç kim qadağa qoya bilməz. Amma restoran ətin tərkibini vermirsə, bu zaman onlar cərimə olunmalıdır”.
Tahir Əmiraslanov qeyd edib ki, Azərbaycandakı restoranlarda müştəri və xidmət problemi var:
“Bir çox restoranlarda aşpazlar, ofisiantlar peşə təhsil almayıblar. Onların peşəkar şəkildə müştəriyə bu yeməkləri təqdim edə bilməz”.
Məsələnin dini tərəfi də var.
İlahiyyatçı Elşad Miri deyib ki, “Qurani Kərim”də konkret olaraq donuz ətinin haram olması qeyd edilib:
“Bir də qeyd edilib ki, gövşəyən heyvanların ətini yemək halaldır. Bu gün Allahın buyurduğundan kənarda, hər bir ölkənin öz mədəniyyəti var. Dünyada müxtəlif heyvanların ətini yeyirlər. Bu gün hər şeyə dərhal haram demək də doğru deyil. Donuz əti qadağandır, amma təmiz və pak olan digər heyvanların əti yeyilə bilər”.
İlhamə Əbülfət
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər