Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Keyfiyyətli ayaqqabını necə seçmək olar?
Ayaqqabı insan sağlamlığında böyük rol oynayır. Ayaqqabı nə qədər keyfiyyətli olsa, bir o qədər ayaq ağrılarından, digər xəstəliklərdən sığortalanmış olacaqsınız.
Bəs keyfiyyətli ayaqqabını necə seçmək olar?
“Çəkməçi Baku by HN”-nin rəhbəri Nurlan Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, təbii dəridən hazırlanan ayaqqabıların insan sağlamlığı üçün zərəri yoxdur:
“Ayaqqabı alarkən üstündən burun hissəsini basaraq barmaqları əzib-əzmədiyini yoxlamaq lazımdır. Elastik və yumşaq altlıqlı ayaqqabı seçilməlidir. Çox hündür dabanlı və dabansız ayaqqabı almayın. Gün ərzində ayaq üstə çox durduqda dabanlı ayaqqabı insanı yorur. Bizim insanların bir çox ayaqqabı alarkən nə vaxtsa genişlənəcək ümidini düşünürlər. Bu düzgün deyil. Ayaqqabı ayağın ölçüsünə uyğun gəlməlidir”.
Nurlan Həsənov qeyd edib ki, ayaqqabının hazırlanma materialı da önəmlidir:
“Ayaqqabı ayaqda kip oturmamalıdır. Bizim təqdim etdiyimiz ayaqqabıların altı əllə yığılır. Bir ayaqqabı üç gün ərzində hazırlanır. Birinci gün altlıq suda qalır, ikinci gün ərzində döyülür və üçüncü gün yonulur. Sonra ayaqqabının altına tikilir. Qışda qara, yağışa dözümlü olur. İnsanlar altı əllə yığılan ayaqqabılara üstünlük verməlidirlər. Çünki bu rahatlıq baxımından vacibdir”.
Xəz, dəri ayaqqabıların daha çox sifariş olunduğunu vurğulayan şirkət rəhbəri qeyd edib ki, iş adamları daha çox klassik ayaqqabıya üstünlük verirler:
“Bizdə dəb istəyə görədir. Kişilər payız və qış aylarında boz, qara, qəhvəyi, göy, qadınlar isə tünd yaşıl və qara ayaqqabılar alırlar”.
Travmatoloq-ortoped həkim Amir Bedelov bildirib ki, ayaqqabı alarkən görünüşü deyil, sağlamlıq üçün zərərsiz olması vacibdir:
“Bəzi ayaqqabıların tərkibində insan orqanizmi üçün təhlükə törədən zəhərli maddələr olur. Ayaqqabıların keyfiyyətsiz olmasını onun iyindən də seçmək mümkündür. Belə ki, bircə dəfə istifadədən sonra ayaqqabılarda yaranan pis qoxu məhsulun hazırlanmasında keyfiyyət standartlarına əməl edilmədiyini göstərir.
Ayaqqabını seçən zaman içi sürüşkən və sərt olmamalı, ayağa tam rahat oturmalıdır. “Ayaqqabı zamanla genişlənər” fikrindən uzaq durmaq lazımdır. Ayaqqabının barmaq ucunun hündürlüyü barmaqların vəziyyətini pozacaq qədər hündür və alçaq olmamalıdır”.
Amir Bedelov qeyd edib ki, ən uzun barmaqla ayaqqabının ucu arasında boşluq 0.5-0.7 santimetr olmalıdır:
“Ayaqqabını günün ikinci yarısı almaq məsləhətdir. Buna səbəb ayağın həcmi gün boyu genişlənməsidir”.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər