Ukraynanın Nikolayev vilayətində azərbaycanlı Ümid və Sabir Şirinov qardaşları yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.
Prezident İlham Əliyev həyatları təhlükədə olan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.
Sabir Şirinov hadisə barədə Oxu.Az-a danışıb.
O bildirib ki, hadisə onlar işdən evə qayıdan zaman, təxminən saat 19:00 radələrində baş verib:
“Evə gedəndə gördük ki, yolda qəza baş verib. Yük maşınının qoşqusu aşıb, amma elə bildik ki, yolu tutmayıb. Yaxınlaşanda gördük ki, yol tutulub. Çətinliklə yolu keçdik, az qala özümüz də qəzaya düşəcəkdik. Avtomobili qəza olan yerdən 100 metr qarşıda saxladıq ki, yolda niyə xəbərdarlıq nişanı qoyulmadığını soruşaq.
Gördük ki, iki kişi yolun qırağında qəza tərəfə baxıb, söhbət edir. Bu zaman uşağın qışqırtısını eşitdik. Kişi əli ilə maşını işarə etdi ki, çayın qırağına düşən maşın da yanır. Biz qaça-qaça ora getdik. Həmin vaxt qışqırdım ki, niyə uşağın səsini eşidib, biganə yanaşırlar? Dedim, gözləyin, uşağı çıxarıb gəlirəm.
Uşağı tez çıxarmaq da olardı, amma onu da etmədilər. Mən qayıdanda o iki nəfər artıq qaçmışdı. Uşağın qışqırtısını eşidən zaman artıq özümüz barədə düşünə bilməzdik. Sadəcə, onu xilas etmək istəyirdik”.
“Avtomobilə baxanda gördük ki, qazla işləyir və hər an partlaya bilər. Nə qədər çalışsaq da, qapını aça bilmədik. Sürücü və həyat yoldaşı yıxılı vəziyyətdə idi. Dedilər ki, uşağa görə qapıların mərkəzi qıfılını bağlayıbmış.
Qardaşımla maşını təpiklədik, pəncərəni sındırdıq və o, uşağı götürdük. Sonra baqajı qırdıq. Qadını çətinliklə çıxardıq. Tüstü bürümüşdü maşını, qaz balonu hər an partlaya bilərdi. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da atasını çıxarmağımızı istəyirdi.
Tüstü olsa da, həyatımız barədə düşünmürdük, bütün risklərə baxmayaraq, kişini də xilas etdik. Bir neçə dəqiqə sonra qaz balonu partladı”, - deyə Sabir Şirinov qeyd edib.
Ailəni xilas edən qardaşlar daha sonra ailəyə xəstəxanada da baş çəkiblər:
“Bu hadisə vaxt baxımından böyük işdir. Çünki bir neçə dəqiqə gec olsaydı, insan həyatından söhbət gedirdi. Hadisə yanvarın 19-da olmuşdu. 20-də onlara baş çəkmək üçün qonşu şəhərdəki xəstəxanaya getdik. Onlara nə maddi yardım lazımdırsa, etdik. Uşağın dərmanlarını aldıq. Daha sonra qohumları gəldi, biz qayıtdıq. Hazırda həyati təhlükələri yoxdur. Bədənlərində sınıqlar var, sağalmaları üçün 1-2 ay vaxt lazımdır”.
Qardaşlar İlham Əliyevə onları “İgidliyə görə” medalı ilə təltif etdiyi üçün təşəkkür ediblər:
“İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bizimlə görüşdü. Bizə qayğı göstərildi. Onlara təşəkkür edirik. Bizim prezident həm daxildə, həm də xaricdə vətəndaşlarının arxasındadır. Hazırda Zərdab rayonundayıq. Valideynlərimiz də onları xilas etdiyimiz üçün sevindilər”.
S,Şirinovun sözlərinə görə, artıq 20 ilə yaxındır ki, Ukraynada yaşayırlar:
“Atam əvvəllər orada yaşayırdı. Mən də 15 yaşımdan ora getdim. 18 yaşımda isə hərbi xidmətə yollanmaq üçün vətənə qayıtdım. Daha sonra qardaşımla yenidən Ukraynaya getdik. Həmin vaxtdan orada xırda ticarətlə məşğul oluruq”.
Sabir Şirinov vurğulayıb ki, onların Ukraynada ömürlük yaşamaq hüququ var:
“Dəfələrlə bizə orada yaşamaq üçün vətəndaşlıq hüququ almağımız təklif olunub. Oranın vətəndaşlığını ona görə qəbul etmirik ki, istəyirlər “Azərbaycan vətəndaşlığından imtina edirəm” sözünü deyək. Biz bu sözü deyə bilmərik. Mən Azərbaycan vətəndaşıyam və bununla fəxr edirəm”.
İlhamə Əbülfət
Rəylər