Çərşənbələr bitir, Novruz bayramı yaxınlaşır. Bayram yaxınlaşdıqca süfrələrə rənglənmiş yumurtalar, bəzədilmiş xonçalar, səməni və digər bayram atributları düzülür. Bayram axşamı isə hər kəs bir-birinə papaq atır, qapılara qulaq pusduya çıxır.
Cəmiyyətdə bunu el-obanın bayram adəti kimi qiymətləndirənlər də var, qeyri-etik davranış kimi hesab edənlərdə.
Nəzərə alsaq ki, bayram axşamı hər kəsin süfrəsində müxtəlif çeşidli yeməklər, şirniyyatlar olmur papaq atmaq adəti bir çox insanı pis vəziyyətdə qoya bilər.
Eləcə də qulaq pusdu dediyimiz adətə görə, dilək tutub bayram axşamı tanımadığın insanların qapısını dinləməlisən. Əgər xoş söhbət eşidərsənsə, diləyin yerinə yetəcək. Yox əgər söz-söhbətə şahid olarsansa, bu il də dilədiyinə çata bilməyəcəksən deməkdir.
Bəs görəsən bayram süfrəsinə yumurtaları nə üçün boyayırlar? Bayram axşamı qulaq falına çıxmaq, qapı pusmaq olar yoxsa olmaz?
Bu barədə Oxu.Az-a açıqlama verən AMEA-nın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılbəyli bayram adəti kimi bilinən bəzi ritualların əhəmiyyətsiz olduğunu deyib:
“Novruz Bayramı elimizin, obamızın qədim və gözəl bayramlarındandır. Lakin təəssüf olsun ki, bayram günlərində “adət” adı altında heç bir əhəmiyyəti olmayan qeyri-etik davranışlara yol verirlər.
Qulaq falına çıxmaq insanların elmsiz, cəhalət dövründən qalma rituallardandır. Bayramın başqa gözəl tərəflərini qeyd etmək, təbliğ etmək lazımdır.
Bizim vaxtımızda bayramlarda insanlar bir-birinin evinə qonaq gedər, süfrəsindən pay aparardı. İmkansız ailələrə köməklik göstərilərdi.
Yoxsa M.P.Vaqif demişkən “Bayram oldu, bizim evdə axta zoğal da yoxdur” bu nəyə lazımdır ki? Bütün bunların gəldiyi tarixi mən belə ifadə edərdim ki, insanları düzgün yoldan yayındırmağa çalışırlar.
Düşünürəm ki, insanlar bu kimi qeyri-etik davranışlara yol verməklə dindən, əxlaqdan uzaqlaşırlar.
Qulaq pusdu heç də etik davranış deyil. İslamda başqasının şəxsi həyatına iznsiz müdaxilə etmək, sözünü və hərəkətlərini güdmək pis qarşılanır. Papaq atma özü də bayram adəti kimi olmamalıdı. Bütün bunların heç bir tarixçəsi də yoxdur”.
Yumurtaların rəngli boyanmasına münasibət bildirən Q.Sayılbəyli bunun da heç bir əhəmiyyətinin olmadığını diqqətə çatdırıb:
“Novruz bayramı digər xalqlarda da qeyd edilir. Bahar bayramı əslində Körfəz xalqlarında da mövcuddur. Baharın gəlişini daha yaxşı, maraqlı qarşılamaq mümkündür. Bayram coşqusu ilə qeyd edilməsi lazım olan yerdə qapı pusdu, papaq atdı kimi “adətlər” mənə görə uyğun deyil”.
Könül Cəfərli
Rəylər