Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sosial şəbəkələrdə aqressiya: qadınlar kişiləri geridə qoyur - ŞƏRH
Son vaxtlar cəmiyyətdə qəribə bir aqressiya hökm sürür. İctimai yerlərdə, nəqliyyatda, iş yerlərində insanların bir-birinə qarşı münasibətləri kəskin sərtləşib. Məsələnin bir başqa tərəfi isə bu aqressiyanın özünü real həyatdan daha çox sosial şəbəkələrdə büruzə verməsidir. Belə ki, insanlar həll edə bilmədikləri problemlərin hirsini-hikkəsini sanki tanımadıqları insanlardan çıxmağa çalışır.
Bir-birini tanımayan iki insan, sosial şəbəkədə hər hansı bir paylaşımın altında qarşılıqlı şəkildə bir-birinin şəxsiyyətini alçadacaq, təhqir edəcək ifadələr yazır. Daha acınacaqlısı isə odur ki, bir neçə dəqiqədən sonra hər iki tərəfə “dəstək” verənlər də tapılır.
Bəs insanları buna vadar edən nədir? Doğrudanmı insanlar öz uğursuzluqlarını sosial şəbəkələrdə “şir” olmaqla unudurlar? Həqiqətən də bir insanı təhqir etməklə insan öz eqosunu təmin edir?
Psixoloqlar düşünür ki, bizim milli xarakterimizə uyğun olmayan video və paylaşımlar insanları bu cür qeyri-etik davranışlara sövq edə bilir. Lakin bu da heç kimə haqq vermir ki, qarşı tərəfin şəxsiyyətini alçadacaq ifadələr işlətsin.
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən kliniki psixoloq Nuriyyə Quliyeva deyir ki, insanlar çox vaxt heç bir əsas olmadan normal paylaşımlara şərh yazaraq bir-birilərini sərt şəkildə təhqir və tənqid edirlər:
“Təəssüf ki, bu problem biz psixoloqları da narahat edir. Biz özümüz də bu mövzuda müəyyən müşahidələr aparmışıq və bu, həqiqətən də heç xoş olmayan mənzərədir. Hətta deyərdim ki, çox az halda tənqid görmək olur. İnsanlar statusların, paylaşımların altında bir-birini kəskin şəkildə təhqir edir, nəinki tənqid. Məni təəccübləndirən məqamlardan biri odur ki, bu cür təhqiramiz ifadələri bəylərdən çox xanımlar yazır.
Real həyatdan fərqli olaraq, sosial şəbəkələrdə xanımlar bu mövzuda bəyləri geridə qoyur. Düşünürəm ki, buna səbəb insanların üzbəüz danışmaqdan çəkinmələridir. Ümumiyyətlə, real həyatdakı ünsiyyətlə virtual ünsiyyətin psixologiyası tamamilə fərqlidir. Real həyatda insanların psixologiyası daha çox “üz-üzdən utanar” misalına xitab edir və bu səbəbdən də etik normalara riayət edilir.
Təəssüf ki, kompüter arxasında heç kim heç kimdən utanmır. İnanmıram ki, real həyatda insanlar bir-birinə bu dərəcədə ağır təhqirlər yağdırsın. Onlar düşünür ki, qarşı tərəf onları görmür, tanımır. Ən ağır təhqirləri belə yazsalar, axı kimdir onları tapan, izahat tələb edən? Qorxu hissi olmadığı yerdə isə “cəsarət” öz sözünü deyir. Onlar daha cəsur tənqid və təhqirlər yazırlar”.
Psixoloq onu da əlavə edib ki, buna səbəb yalnız ailədaxili problemlər yox, iş həyatında yaşanan ən xırda problemlər də ola bilər:
“İnsanlar var ki, ailədə uğursuzluq yaşayırlar. Bəziləri elə iş həyatında rəhbərləri və ya həmkarları ilə hər hansı bir polemika ilə qarşılaşırlar. Bundan yaranan aqressiya və gərginliyi isə avtomatik olaraq büruzə verə bilmir. Bu aqressiya yığılır və üz tutur sosial şəbəkələrə. Bütün əsəbini qeyri-etik şərhlər yazmaqla, kimliyindən və mövzudan asılı olmadan qarşıdakı şəxsi təhqir etməklə azaldır.
Təəssüf ki, bu psixologiyanın qarşısını almaq yalnız insanların özündən və özünü daha sağlam düşünməyə, təmkinli davranmağa vadar etməsindən asılıdır”.
Könül Cəfərli
Rəylər