Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
2019-cu ilin iqtisadi yekunu və yaxud 2020-ci ilə nə ilə gedirik?
Pərviz Heydərov yazır...
2019-cu ildə əldə olunan iqtisadi uğurları və dəyişiklikləri dəyərləndirsək, bunları mütləq qruplaşdırmalıyıq.
Birinci qrupa sosial istiqamətdə atılan inqilabi addımlar daxildirsə, ikinciyə kölgə iqtisadiyyatına qarşı tədbirlər, üçüncüyə iqtisadiyyatı idarəetmə mexanizmində struktur və kadr dəyişiklikləri, dördüncü qrupa isə qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlər...
Bundan əlavə, növbəti illər üçün böyük əhəmiyyət daşıyan iki mühüm hadisə də baş verib ki, bu barədə bir qədər sonra...
Ümumiyyətlə, 2019-cu il ölkəmizdə böyük islahatlar ili, daha doğrusu, buna start verildiyi il olaraq yadda qalacaq. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib. Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmayıb.
Bir çoxları bunların riskli olduğunu və prosesin yarımçıq qalacağını bildirirdilər, halbuki, bütün bunların hələ keçən il anons edildiyi yaddan çıxarılırdı. Ötən şərhimdə də yazdım ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən növbəti dəfə qalib çıxan İlham Əliyev andiçmə mərasimində proqram xarakterli çıxış etdi və böyük islahatlara start verəcəyini bildirdi. Sözüm bunda deyil. Sosial istiqamətdə hansı inqilabi addımlar atılıb?
Mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra olunmağa başlanıb. Belə ki, minimum əməkhaqqı bir ildə iki dəfə artırılaraq 130 manatdan 250 manata, minimum pensiya məbləği isə 116 manatdan 200 manata çatdırıldı.
Birinci göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə nəinki çatdı, (martın 1-dən), sentyabrın 1-dən onu keçdi. Paralel olaraq, bütün müavinətlər də yüksəldildi və yeni müavinət növlərinin tətbiqinə başlanıldı ki, dövlət büdcəsindən maliyyələşən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin də aylıq əməkhaqları dövlət başçısının müvafiq sərəncamları ilə orta hesabla artırıldı.
Beləliklə, bütövlükdə cəmi bir il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya qoyulub.
2020-ci ildə də bəzi sahələr üzrə əməkhaqqlarının əlavə olaraq artırılması nəzərdə tutulub ki, nəticədə 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün cəm olaraq 4,0 milyard manatadək əlavə vəsait xərclənəcək.
Kölgə iqtisadiyyatına qarşı gücləndirilən tədbirlərə gəldikdə isə, bayaq sadalananlar məhz bunun hesabına təmin edildi, o mənada ki, həm inzibati metodların sərtləşdirilməsi, həm də büdcə-fiskal, gömrük və vergi sahəsində aparılan islahatlar nəticəsində bir sıra uğurlara imza atıldı.
Belə ki, 2018-ci ildə əlavə olaraq 300 milyon manatdan çox, 2019-cu ilin yanvar-oktyabr ayları ərzindəsə 850 milyon, son olaraq isə 930 milyon manatdan artıq vəsait dövlət büdcəsinə daxil edilib. Bütün bu gəlirlər dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə daha geniş yol açdı.
O cümlədən, 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə dəyişikliklər də bunda əsaslı rol oynadı. 2019-cu ildə əldə olunan üçüncü qrup iqtisadi uğur və dəyişikliklərə isə iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri daxildir. Çünki ilin əvvəlindən start verilən islahat dalğası elə bir prosesə və tendensiyaya başlanğıc qoydu ki, bu, istər-istəməz həm dərinə, həm də üfüqə doğru genişlənməli idi. Bu mənada, struktur və kadr islahatlarına da ehtiyac yarandı.
Nəticədə səmərəliliyi artırmaq məqsədilə islahatlar idarəetmə sahəsini də əhatəyə aldı. Çünki, dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədi, bu sahədə də yeni yanaşma tələb edirdi.
O səbəbdən ki, idarəetmədə yeni yanaşma iqtisadiyyatda dəyişikliklərə daha sürətli nail olmaq üçün ən vacib şərtlərdən biri idi. Ona görə də, islahatların davamı kimi 2019-cu ildə struktur islahatları da dərinləşməklə kadr dəyişikliklərinə başlandı.
Bu proses hələ davam edəcək. Bunun müsbət nəticələrinin bir qismini yaxında, digər hissəsini isə qarşıda görəcəyik. Və nəhayət, qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlərə gəlirəm. 2019-cu ildə bir sıra müəssisələr açıldı. Ölkədən qeyri-neft məhsulları ixracı ardıcıl olaraq artdı. Xüsusən, kənd təsərrüfatı sahəsində çox böyük dəyişikliklər həyata keçirildi. Əlavə dəyər istehsalında aqrar sahəyə aid məhsulların payı 6-7 faizə çatmaqdadır.
Sənaye məhsulları da artır. İki böyük zavodun – karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılması sənaye potensialımızı nümayiş etdirdi. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılıb. Bundan əlavə, Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankeri istismara verildi və “Azərbaycan” adlı gəmi-bərə suya salındı.
Ümumiyyətlə, 2019-cu il qeyri-neft sektorunun inkişafının ümumi iqtisadi siyasətdə prioritetliliyin bir az da gücləndirilməsi ilə seçildi ki, sözügedən sahədə stimullaşdırıcı tədbirlərə xüsusi fikir verildi. Yeri gəlmişkən, girişdə yazdım ki, tezliklə tarixə çevriləcək 2019-cu ildə növbəti illər üçün böyük əhəmiyyət daşıyacaq iki mühüm hadisə baş verdi.
Bunlardan birincisi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri oldu ki, bununla da iki ölkə arasında mövcud münasibətlərdə yeni bir mərhələnin başlanğıcı qoyuldu.
Ölkəmizin ikinci şəxsinin Rusiyaya rəsmi səfəri iqtisadiyyatımızın məhz qeyri-neft sektorunun inkişafı baxımından böyük perspektivlər açdı. Hazırda Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı sarıdan bir nömrəli bazardır.
Bu, həm adıçəkilən ölkə ilə münasibətlərimizin real vəziyyətindən irəli gəlir, həm də Rusiyanın çox böyük bazar olması ilə əlaqədardır. Yəni, Azərbaycanda qeyri-neft sektorunun inkişafı Rusiyadan müəyyən mənada asılı vəziyyətdədir. Söhbət ölkəmizin real olaraq ixrac imkanlarından gedir. Bütün iqtisadi aspektlər nöqteyi-nəzərindən qeyri-neft məhsullarımız üçün məhz Rusiya bazarlarına ixrac səmərəli və məqsədəuyğun xarakter daşıyır.
Bütün bunların nəticəsidir ki, hər iki ölkə arasında əmtəə dövriyyəsi durmadan artır. Rusiyanın Azərbaycana sərmayə qoyuluşu 4,9 milyard dollar, ölkəmizdən Rusiya iqtisadiyyatına isə 1,2 milyard dollar təşkil edir.
Halbuki neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə yanaşı, qeyri-neft sektorunda, maşınqayırmada, istehsal avadanlığı sahəsində, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxşaxəli müştərək layihələr vasitəsilə investisiyaya dair rəqəmləri ən qısa müddətdə iki dəfəyə qədər artırmaq mümkündür. Sözün qısası, Rusiya Azərbaycan üçün təkcə kənd təsərrüfatı malları bazarı deyil və olmamalıdır da...
Bu baxımdan, Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri bütün digər sahələrdən ən çox iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı üçün töhfələr bəxş etdi. Və nəhayət, 2019-cu ildə baş verən, Azərbaycanın yaxın gələcəyi üçün böyük əhəmiyyət daşıyacaq ikinci mühüm hadisə barədə... Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP - Transanadolu qaz boru xəttinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsilə Cənub Qaz Dəhlizi layihəsinin Türkiyədən keçən hissəsinin tikintisi başa çatdı. Kəmərin Avropa ilə birləşən hissəsi tamamlandı. Qaldı, onun yalnız TAP-a birləşdirilməsi ki, bu da tezliklə həllini tapacaq.
Azərbaycan qazı tezliklə Avropaya axmağa başlayacaq. Lakin artıq, əsas diqqət Trans-Xəzər layihəsi üzərində – Cənub Qaz Dəhlizinin yol açdığı bir məsələ üzərində də cəmləşmiş vəziyyətdədir ki, bunun isə nə demək olduğuna aid ayrıca məqalə yazmaq gərəkir. Sonda bir məsələyə də toxunmaq istəyirəm. Bank sektorunun ən böyük dərdi olan problemli kreditlər məsələsinə dövlət 2019-cu ildə müdaxilə etdi.
Və Prezidentin bir növ xalqa hədiyyə etməsi yolu ilə bu məsələ həllini tapdı. Halbuki, dövlət başçısı da qeyd etmişdi ki, bu, sadə məsələ deyil - dövlət çoxdan tələb olunan məbləğdə vəsaiti ayıraraq problemi həll edə bilərdi. Sadəcə olaraq, ortada iqtisadiyyatın öz qanunları və məsuliyyət, cavabdehlik məsələləri var idi. Problemli kreditlər bir ara bütövlükdə az qala iki milyard manata çatırdı.
Başa çatmaqda olan cari ildə bu məsələnin həllini tapması bankları “koma” vəziyyətindən çıxardı. Lakin, ölkənin bank sektorunda vəziyyətin normal olduğunu desəm, səhv edərəm. 2015-2016-ci illərdə dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatına dəyən zərbə nəticəsində düşdüyü vəziyyətdədir desəm də, yanılaram.
Odur ki, “vəziyyət sağlam deyil” desəm, daha düzgün olar. Bəli, bank sistemində real vəziyyət 2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən zərbədən sonra yaranmış durumda deyil. Lakin, ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək, bu sahədən ixracı artırmaq tələblərinə və məqsədinə də uyğun gəlmir. Çünki sözügedən tələbə və məqsədə cavab vermək üçün gərək bank sektoru qeyri-neft sektorunu maliyyələşdirsin. Sektorun real vəziyyəti isə buna imkan vermir. Problem bax, məhz bundadır.
Sözün qısası, Yeni ili - 2020-ci ilə “dizi üstə” deyil, ayaqda gedirik. Başqa sözlə desəm, iqtisadiyyatda iki il öncə əldə etdiyimiz makro sabitlik fonunda 2019-da da böyük uğurlar əldə edərək növbəti ilə nəinki inamla, hətta yüksək inadla addımlayırıq.
Ümumiyyətlə, ölkə iqtisadiyyatında əldə edilən dəyişikliklər müstəvisində həm 2020-ci ildə, həm də qarşıdakı illərdə iqtisadiyyatda yaradılan əlavə dəyərin daha da böyük templə artacağı gözlənilir ki, növbəti il bu sahəyə xüsusən əhəmiyyətli nəticələr bəxş etməlidir...
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib