İnfeksiyaya yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaşların bu pandemiyadan qorunması üçün evdən bayıra çıxmaları qadağan edilib.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlər göstərilir.
Xidmətlər evlərində o tənha yaşlı şəxslərə göstərilir ki, tənha yaşayırlar, yəni ətrafında yaxınları yoxdur, əmək qabiliyyətli doğmaları, qohumları onlarla bir yaşayış məntəqəsində deyillər. Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlər, əsas tələbat mallarının, dərman vasitələrinin alınması, kommunal ödənişlərin edilməsi və s. üçün sosial xidmətlər daxildir.
Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar.
Hazırda yaşı 65-dən yuxarı 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Doqquz sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlə təmin olunur.
Yaşlı nəsilə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq, bu sahədə aparılan işlərdə sosial məsuliyyət prinsipi ilə dəstəyini göstərən dövlət və özəl qurumların da sayı artır.
Hazırda evlərində sosial xidmətlərlə təmin edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərdən 10 min nəfəri “Bravo” supermarketlər şəbəkəsi tərəfindən ərzaq yardımı ilə təmin edilib.
“Binə Aqro” şirkəti 2200, “İSR Holdinq” şirkətlər qrupu 500, “A-Qrup Sığorta” şirkəti də 525 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirib.
“İrşad Elektronics” şirkəti sosial təşəbbüslə çıxış edərək, sosial xidmətə götürülmüş 300 nəfər, “Ət və Ət Məhsulları İstehsalı” İctimai Birliyi 1350 nəfər tənha yaşayan şəxsə ərzaq yardımı edib.
“Özgədəbəy” şirkəti isə tənha yaşlılardan 2000 nəfərə bulaq suyu və mürəbbələr paylayıb.
2000 nəfər tənha yaşlı “Aleks-Pastry&Bakery” şirkəti tərəfindən müxtəlif növ un məmulatlarından ibarət yardımla təmin edilib.
Hazırda “Azərmaş” ASC “Böyüklərimizi qoruyaq!” sosial aksiyası ilə sosial xidmətçi və könüllülərin tənha yaşlıların çağırılan ünvanlarına daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, öz dəstəyini göstərir.
Sosial məsuliyyətdən irəli gələn bu təşəbbüslər biznes nümayəndələrinin ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində sosial həmrəyliyə mühüm dəstəyinin və xeyriyyəçilik ənənələrinin davam etdirilməsində fəal iştirakının əyani təzahürüdür.
Ümumilikdə, sosial tərəfdaşlar vasitəsilə artıq 14100 tənha ahıla və əlilliyi olan şəxsə ərzaq payları evlərinə aparılıb.