Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda karantini pozan direktora xəbərdarlıq edildi, iki nəfər cəzalandırıldı - ÖZƏL
Bakı şəhəri 237 nömrəli tam orta məktəbin şagirdlərinin xüsusi karantin rejimi dövründə kütləvi tədbirdə iştirak etmələri barədə sosial şəbəkələrdə və KİV-də yayılmış məlumatlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Araşdırma nəticəsində məlum olub ki, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 11 may 2020-ci ildə Xəzər rayonu Şüvəlan qəsəbəsində qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunmuş maarifləndirmə işlərinə həmin ərazidə yaşayan bir neçə şagird də könüllü olaraq qoşulub və ictimai yerlərdə məlumatverici materiallar paylayıblar.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Bahar Əkbərovanın göstərişi ilə laborant Aygün Qasımova təhsil müəssisəsinin direktoru Təranə Qurbanova ilə razılaşdırmadan məktəbdən kənarda qeyri-hökumət təşkilatları tərəfindən keçirilmiş tədbiri məktəbin adından təqdim edib.
Bakıda məktəb direktoru karantini kobud şəkildə pozdu: Şagirdləri kütləvi tədbirə topladı - FOTO
Məktəbdə çalışan işçilərin fəaliyyətinin əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlanılmamasına görə 237 nömrəli tam orta məktəbin direktoru Təranə Qurbanovaya yazılı qaydada xəbərdarlıq edilib.
Eləcə də, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin direktor müavini Bahar Əkbərovaya töhmət verilib, laborant Aygün Qasımova barəsində qanunamüvafiq tədbir görülməsi isə məktəbin direktoruna tapşırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il martın 3-dən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Xatırladaq ki, bir müddət əvvəl paytaxtda yerləşən 237 nömrəli tam orta məktəbin direktoru Təranə Quliyeva şagirdləri kütləvi tədbirə çağırıb.
Bu da ölkədə elan olunmuş xüsusi karantin rejiminin tələblərinin kobud şəkildə pozulmasıdır.
İlhamə Əbülfət
Rəylər