Azərbaycanda koronavirus pandemiyasının qeydə alındığı ilk gündən dövlət səviyyəsində məsələ nəzarətə götürülüb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın pandemiyanın ilk günlərindən əhaliyə müraciətləri, müxtəlif dövlət qurumlarının hazırladığı təsirli videoçarxlar, dövlət rəsmilərinin koronavirusa qarşı gigiyenik tədbirləri təbliğ edən əlyuma estafeti COVID-19-la mübarizənin əsas addımlarından olub.
Millət vəkili Məlahət İbrahimqızı Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı aparılan mübarizə yüksək səviyyədə həyata keçirilir:
“Virusa qarşı tədbirlər planı beynəlxalq təşkilatlar, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək səviyyədə dəyərləndirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva çıxışları zamanı önləyici tədbirlərlə bağlı insanlara, cəmiyyətə mesajlar verirlər ki, ehtiyac olmadan evdən çıxmasınlar.
İnsanlar maska taxmalı, sanitar-gigiyenik qaydalara əməl etməlidirlər. Aparılan mübarizənin nəticəsində ölkədə koronavirusdan ölənlərinin sayı az oldu. Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında artım var. Bu da vətəndaşların sağlamlıqlarına biganə yanaşmasından irəli gəlir”.
Millət vəkili bildirib ki, ölkədə elan edilən karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratdı:
“Nəticədə, bu virusa yoluxanların sayı artdı. Virusun təhlükəsi ölkəmizdən və dünyadan çəkilməyib. İnsanlar operativ qərargahın qoyduğu qaydalara riayət etməlidirlər. Bu məqsədlə maskalara görə cərimələr təsdiqləndi. İnsanlar düşünməlidir ki, onların xəstələnməsi təkcə onun üçün yox, qohumları üçün də təhlükəlidir.
Bu, o epidemiyalardandır ki, bütün qitələri əhatə edib və pandemiyaya çevrilib. Bu, bir vətəndaşın sağlamlığına yönələn bir təhlükə yox, xalq sağlamlığına yönələn bir təhlükədir. Hər bir insan özünü düşünməsə də, ətrafını düşünməli, evdə qalmalıdır. Zərurət yoxdursa, evdə qalsınlar”.
M.İbrahimqızı vətəndaşlara çağırış edib:
“Hər bir vətəndaş evdən çıxan zaman maska taxmalıdır. Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib və tibbi maska taxmamağa görə cərimələr müəyyənləşib.
Vətəndaşın maskanı cibində, çantasında saxlaması düzgün deyil. Maska taxılmalıdır və sosial məsafə saxlanmalıdır. Nə qədər evdə qalarıqsa, bu virusa qalib gəlmək imkanımız artar”.
Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşib.
Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunub.
Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnir.
Layihənin qəbulundan sonra Prezident İlham Əliyev müvafiq sənədi təsdiqləyib və cərimələrin tətbiqi qüvvəyə minib.
İlhamə Əbülfət
Rəylər