29 
Apr
2021
16:00
238
16
5126
Virtual karabakh

Qarabağda ilk insanın sirli məskəninə addım-addım - REPORTAJ + FOTO/VİDEO

29 Apr, 2021
16:00
5126

Qarabağda ilk insanın sirli məskəninə addım-addım - REPORTAJ + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir, iki, üç, dörd, beş.... pilləkənləri saya-saya Azıx mağarasına doğru qalxıram.

Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan üç kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir. 

Bildirim ki, media nümayəndələrinin bura səfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə baş tutub. 

Azıx mağarasına burulan diki qalxandan sonra maşınlarımız kiçik meydançada dayanır. Buradan o yana piyada gedəcəyik...

Pilləkənləri qalxmaq çətin olsa da, təngnəfəs olsam da, mağaraya qalxıram. Çünki bura haqqında illərdir ki, tarix kitablarında oxuduğum, dünyanın ən qədim yaşayış məskənlərindən biridir. 30 illik həsrətdən sonra bu qədim tarixi məkan bizə qayıdıb. Bura qalxmaqmı çətin olacaq?! 800-ə yaxın pilləkən qalxdıqdan sonra mağaranın girişinə çatırıq. 

Mağaranın girişi ensizdir və dərin xəndək var. Ayağınızı bir az ehtiyatsız qoysanız, xəndəyə yıxılacaqsınız. 

Girişdəki dar cığırla əlimi divardan tuta-tuta, bir təhər yolumu adlayıram və Azıxın içindəyəm. Bura işğaldan azad olduqdan sonra Azərbaycan bayrağı qoyulub. 

Azıx mağarasının sahəsi 800 kvadrat kilometrdir.

Burada uzunluğu 600 metrə qədər uzanan səkkiz dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Azıx mağarası 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən aşkar olunub.

Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanıb. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.

1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit Arxeoloji Ekspedisiyası Azıx düşərgəsinin beşinci təbəqəsinin altıncı horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus alt çənə sümüyü aşkar olunub.

Mağaranın içi qaranlıq olsa da, orada oyuqlar var. Onların içində ayının kəllə sümükləri tapılıb. 

Dəmir pilləkənlə digər dəhlizlərə baxış üçün qalxıram. Burada mağaranın yuxarı sol hissəsinə qum kisələri düzülüb. 

Divarda rus dilində erməni sözləri də yazılıb. Qədim bir mağaraya bu cür yazının yazılması elə bizə qarşı edilən mədəni cinayətin sübutudur. 

Mağaranın içi qaranlıq olsa da, 500 min ildən çox yaşı olan qədim ocağın izlərini də görmək mümkündür. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyin qorunması xidmətinin rəisi Firudun Əliyev bildirib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur:

“Buradan aşkar olunmuş eramızdan 350-400 min il əvvəl yaşamış qadının alt çənə sümüyü də bunu sübut edir. Mağarada Paleolit, Eneolit və Tunc dövrünə aid tarix nümunələri, arxeoloji qazıntılar aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanılıb, 1968-ci ildə qadın alt çənə sümüyü tapılıb.

Çox təəssüf ki, 1993-cü ildə ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib”.

Bəzi dəhlizlər alçaq, bəziləri isə hündürdür. Alçaq dəhlizlə “sürünə-sürünə” də olsa, mağarada içindəki daha geniş bir boşluq olan hissə ilə qarşılaşıram. Adamın heç ağlına da gəlmir ki, girişi bu qədər dar çığır olan mağaranın daxilində bu cür böyük boşluq ola bilər. Həmin boşluqda isə yarasalar, arılar uçur...

İlhamə Əbülfət
FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri