İyn
2021
11:00
609
270
3320
Virtual karabakh

20 yaşın mübarək, Mərkəzi Klinika: 20 il xalqımızın xidmətində - FOTO

3 İyn, 2021
11:00
3320

20 yaşın mübarək, Mərkəzi Klinika: 20 il xalqımızın xidmətində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 iyun təqvimdə çox əlamətdar bir günü - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü əks etdirir. Ölkəmizdə isə bu gün səhiyyə sahəsində daha bir əlamətdar hadisənin baş verdiyi, həm uşaqların həm də böyüklərin sağlamlığının keşiyində ləyaqətlə dayanan nüfuzlu bir səhiyyə müəssisəsinin -Mərkəzi Klinikanın rəsmi fəaliyyətə başladığı tarixdir.

Məlumdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən səhiyyə siyasəti nəticəsində, müasir standartlara cavab verən tibb müəssisələrinin istifadəyə verilməsi, müasir tibbi cihaz, avadanlıq və kadrlarla təminatı səhiyyəmizin simasını tamamilə dəyişir. Ölkə rəhbərinin diqqəti və qayğısı ilə əhatə olunan geniş və məqsədyönlü tədbirlər sayəsində səhiyyə xidmətləri istiqamətində böyük inkişafa nail olunur. Məhz Mərkəzi Klinika da bu uzaqgörən və müdrik siyasət nəticəsində yaranmış və inkişaf edən çoxsaylı səhiyyə müəssisələrindən biridir.

Belə ki, Mərkəzi Klinika 2001-ci ilin iyun ayının 1-də Ulu Öndərin şəxsi təşəbbüsü və səyləri ilə beynəlxalq standartlara uyğun rekonstruksiyadan sonra Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı Mərkəzi Klinik Xəstəxanası kimi fəaliyyətə başlayıb. Tibbin əsas istiqamətləri üzrə xalqımıza beynəlxalq standartlara uyğun xidmət göstərərək qısa müddətdə nəinki Azərbaycanda, eyni zamanda Cənubi Qafqazda böyük nüfuza malik bir şəfa ocağına çevrilib. Son illərdə həyata keçirilən səmərəli idarəçilik və fundamental işlər nəticəsində bu səhiyyə ocağında tibbi xidmətlər daha da genişləndirilib və beynəlxalq standartlara uyğun olaraq inkişaf etdirilib. Belə ki, bu dövrdə ardıcıl olaraq Mərkəzi Klinikanın ambulatoriyasının, stomatologiyasının, regionlarda analoqu olmayan Mərkəzi Klinika Gəncə Xəstəxanasının istifadəyə verilməsi, ən son nəsil maddi-texniki baza ilə təmin edilməsi məhz son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində mümkün olub. Mərkəzi Klinika bu müddət ərzində səhiyyənin inkişafında inqilabi dəyişikliklərə səbəb olmaqla səhiyyəmizin lokomotivinə çevrilib.

Mərkəzi Klinikanın milli səhiyyəmizin simasını dəyişən və hətta səhiyyədə inqilab hesab edilən rolu və fəaliyyəti nədən ibarətdir və bunu necə başa düşmək olar?!

Məsələni dərindən anlamaq üçün həmin dövrdə, yəni 2000-ci illərdə ölkə səhiyyəsinin vəziyyətini göz önünə gətirmək kifayətdir. Bu vəziyyəti Mərkəzi Klinikanın rəsmi açılışı zamanı Ulu Öndər öz nitqində çox təsirli formada ifadə etmişdir: “Son illər belə bir halı müşahidə etməyə başladıq ki, Azərbaycanda bir çox xəstəliklərin müalicəsi mümkün deyil, hətta bəzi xəstəliklərə aid müayinənin aparılması da mümkün deyil”. Yaxın keçmişimizin acı mənzərəsi kimi səhiyyə müəssisələrində texnoloji avadanlıqların və cihazların aşınmaya məruz qalması və bu səbəbdən ölkə vətəndaşlarına tələb olunan səviyyədə tibbi xidmətin göstərilə bilməməsi üzündən onların xarici ölkələrdəki klinikalara üz tutması, eləcə də yüksək ixtisaslı tibbi kadrların işdən getməsi, nəhayət, ölkədən böyük həcmdə valyuta kütləsinin xaricə axını faktları yada düşür. Yaranmış vəziyyətlə barışıb ölkədə qalan tibb mütəxəssisləri müasir dünya səhiyyəsində tələb olunan nəzəri və praktik bilikləri əldə edə bilmir, professional keyfiyyətlərini itirir, bütövlükdə isə ölkənin səhiyyə sistemində reqressiv proseslər baş verirdi.

Bu vəziyyət istər təşkilati, istərsə də təcrübi baxımdan ölkəmizdə yüksək səviyyəli səhiyyə müəssisəsinin yaradılması zərurətini aktuallaşdırırdı. Məhz bu zərurəti hər zamankı üzaqgörənliyi və müdrikliyi ilə qiymətləndirən Ulu Öndər, Mərkəzi Klinik Xəstəxananın yaradılması barədə qərar verdi. Mərkəzi Klinika isə bu etimadı doğruldaraq milli səhiyyəmizin inkişafında müstəsna rol oynayaraq inqilab hesab ediləcək dəyişikliklərə imza atdı və buna davam edir.

İlk növbədə dünyada tibbi texnika istehsalçısı nəhəngləri kimi tanınan firmaların (“Siemens”, “GE”, “Toshiba”, “Karl Storz” və s.) son nəsil avadanlıqları dövlətin qayğısı nəticəsində Mərkəzi Klinikaya gətirildi və xalqımızın istifadəsinə verildi. Xəstəliklərin erkən diaqnostika və müalicəsi sahəsində böyük texnoloji imkanlara malik cihazlar Kompüter Tomoqrafiya, Maqnit Rezonans, Doppleroqrafiya, Ultrasəs və Rentgenoskopiya, Angioqrafiya və s. kimi ən müasir cihazlar məhz ölkəmizdə ilk dəfə Mərkəzi Klinikada tətbiq olundu. Son dərəcə geniş texnoloji imkanlara malik maddi-texniki baza əsasında Mərkəzi Klinika nəinki respublikamızın, hətta bəzi inkişaf etmiş ölkələrin klinikalarını belə qabaqladı.

Eyni zamanda bu texnologiyadan məharətlə istifadə edən və tibbi xidmət göstərən minlərlə peşəkar kadr ordusu hazırlandı və formalaşdırıldı. Mərkəzi Klinika tərəfindən yüzlərlə gənc həm respublikadan kənara göndərilməklə, həm də müəssisənin öz daxilində tərtib edilən ciddi təlim proqramları vasitəsi ilə müasir biliklərə yiyələndi və peşəkar mütəxəssis kimi yetişdirildi. Ölkəmizdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin minlərlə əməkdaşı Mərkəzi Klinikada kurslara göndərildi və hazırda bu proses daha da intensivləşib. Ölkə rəhbərliyinin tövsiyyəsi ilə tibbi kadr hazırlığı ilə məşğul olan ali və orta ixtisas təhsil müəssisələri öz istehsalat təcrübələri üçün məhz əsas baza kimi Mərkəzi Klinikaya müraciət edir. Bu günədək yüzlərlə həkim və orta tibb işçisi öz istehsalat təcrübələrini, interna və rezidenturalarını Mərkəzi Klinikada keçərək yüksək səviyyəli mütəxəssis kimi hazırlanıblar. Bu gün ölkəmizdə elə səhiyyə müəssisəsi tapmaq çətindir ki, Mərkəzi Klinikanın məzunları orada fəaliyyət göstərməsin və nailiyyət əldə etməsin. Sevindirici haldır ki, Mərkəzi Klinikada yetişdirilən kadrlar eyni uğuru inkişaf etmiş ölkələrin nüfuzlu klinikalarında da qazanır və belə kadrların sayı bu gün onlarladır.

Tibbi xidmətin fəlsəfəsi kökündən dəyişərək, xəstə hüquqlarının və məmnuniyyətinin əsas olduğu keyfiyyətli, etibarlı, təhlükəsiz və əlçatan səhiyyə xidmətləri xalqımıza təqdim olundu. Səhiyyə menecmenti və səhiyyə idarəçiliyində köhnə idarəçilik metodlarından imtina edilərək, tibbi xidmət və idarəetmə funksiyalarının ayrıldığı, səhiyyə müəssisəsində keyfiyyət və sistemliliyi əsas götürən müasir menecment metodları tətbiq edildi. Ölkəmizdə tibbi xidmət sahəsində saysız hesabsız ilklərə və yeniliklərə imza atıldı. Bu iyirmi il ərzində ölkəmizdə həyata keçirilən mürəkkəb tibbi xidmətlərin və cərrahi əməliyyatların əksəriyyəti məhz ilk dəfə Mərkəzi Klinikada həyata keçirildi. Bu illər ərzində “Bu tibbi xidmət ölkəmizdə ilk dəfə Mərkəzi Klinikada həyata keçirilir” və ya “Mərkəzi Klinikada tibbdə unikal hesab edilən cərrahi əməliyyat həyata keçirildi” kimi anonsları sıx-sıx eşitdik. Bu hal bir növ qanunauyğunluğa və ya həyat normasına çevrildi.

Əvvəllər respublikamızda əlçatmaz hesab edilən tibbi xidmətlər, o cümlədən müasir ürək əməliyyatları, angioqrafiya, angioplastika, süni ürək köçürülməsi, süni mayalanma, orqan transplantasiyası və sair kimi çoxsaylı mürəkkəb əməliyyatlar uğurla həyata keçirildi. Neonatoloji reanimasiya və əməliyyatxananın geniş imkanları sayəsində ekstremal az çəkili (500 gr.) körpələr üzərində həcmli cərrahi əməliyyatlar müvəffəqiyyətlə icra olundu. Respublikamızda ən güclü və etibarlı reanimasiya və intensiv terapiya xidmətləri formalaşdırıldı. Burada mövcud olan maddi texniki baza nəinki respublikamızın, hətta ən inkişaf etmiş ölkələrin reanimasiya şöbələri ilə müqayisə oluna bilər. Belə ki, hər biri tənəffüs aparatı və monitorizasiyaya uyğun monitorlarla təchiz olunmuş reanimasiya çarpayıları, həmçinin hemodializ, hemofiltirasiya, plazmafarez, MARS, ECMO, CPFA cihazları istənilən təcili hallarda istifadəyə hazır vəziyyətdədir. Tibbi laboratoriyanın maddi-texniki və kadr potensialı ən müasir tələblərə cavab verir və nəticələr son dərəcə dəqiqliyi ilə fərqlənir. Sevindirici haldır ki, laboratoriyamız dünya laboratoriyalar qrupları arasında keçirilən Xarici Nəzarət Proqramında (Medical Services Profiency) iştirak edərək dəfələrlə sertifikat ilə təltif olunub.

Məhz yuxarıda qeyd etdiklərimizin nəticəsi olaraq Mərkəzi Klinika ölkəmizdəki tibb müəssisələri arasında ilk dəfə səhiyyə sahəsində bütün tibbi xidmətlər üzrə eyni vaxtda iki beynəlxalq İSO sertifikatına layiq görüldü. Beləliklə də, Mərkəzi Klinikanın həm idarəetmə sisteminin, həm də göstərilən tibbi xidmətlərin, o cümlədən ambulator, stasionar və təcili yardım xidmətlərinin beynəlxalq standartların tələblərinə uyğunluğu beynəlxalq auditorlar tərəfindən təsdiq edildi.

Tibbi təbliğat və maarifləndirmə sahəsində yeni bir dövr başladı. Mərkəzi Klinika tərəfindən bu müddət ərzində 10-dan çox beynəlxalq və yerli əhəmiyyətli konfranslar təşkil edildi və uğurla həyata keçirildi.

Mərkəzi Klinika tibbi sığorta sahəsində də bir ilkə imza atmış, ölkəmizin tibbi sığorta sisteminin formalaşdırılmasında yaxından iştirak edib. Məlumdur ki, hazırda icbari tibbi sığorta sisteminə keçid ölkə səhiyyəsində ən aktual mövzulardan biridir. Xəstəxanamızda hələ 2002-ci ildən etibarən könüllü sığorta sistemi ilə tibbi xidmətə başlanılıb və bu günədək yüz minlərlə sığortalı xəstələrə tibbi xidmət göstərilib. Bu sahədə xəstəxanada uzun illərdən bəri böyük təcrübə toplanılıb, sığorta ilə işləyən və geniş iş təcrübəsinə malik peşəkar mütəxəssislərdən ibarət heyət formalaşıb. Artıq həm tibbi sığorta, həm də kadr hazırlığı sahəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə səmərəli əməkdaşlıq həyata keçirilir və bu sahədəki təcrübəmizi bölüşürük.

Onu da qeyd edək ki, bütün bu uğurların və fəaliyyətin nəticəsində Mərkəzi Klinika xalqımızın tibb sahəsində son ümid yerinə çevrilib. Statistik rəqəmlərdən belə göründüyü kimi, təcrübəli həkimlər tərəfindən həyata keçirilən əməliyyatlar, göstərilən tibbi xidmətlər nəticəsində on minlərlə vətəndaşımız sağlamlığına qovuşub və şəfa tapıb. Nəinki vətəndaşlarımız, hətta rəqabət apardığımız səhiyyə müəssisələri belə son ümid yeri kimi Mərkəzi Klinikanı seçir. Belə ki, bu müəssisələr uzun müddət müalicə etdikləri, lakin nəticə əldə edə bilmədiklərindən daha ağır vəziyyətə düşən xəstələrini son nəticədə müəssisəmizə köçürürlər. Az əhəmiyyətli olmayan bir fakt da ondan ibarətdir ki, təkcə ölkə vətəndaşları deyil, əcnəbilər, diplomatik nümayəndəliklərin, nüfuzlu xarici şirkətlərin əməkdaşları da xəstəxanamızda göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını bizə etibar edirlər.

Göründüyü kimi, Mərkəzi Klinikanın fəaliyyət göstərdiyi 20 il zaman baxımından o qədər də böyük müddət olmasa da, səhiyyədə görülən işlər baxımından böyük məzmuna və inqilabi xarakterə malikdir. Cəmi 20 il əvvəl xəyal belə edilməsi mümkün olmayan tibbi xidmətlər və mürəkkəb cərrahi əməliyyatlar bu gün çox böyük müvəffəqiyyətlə icra edilir. Ən əsası isə vətəndaşlarımızla birlikdə, əcnəbilərin də milli səhiyyəmizə inam və etibarının güclənməsinə nail olunur və beləliklə də insanlara şəfa vermək kimi müqəddəs bir missiyanı uğurla həyata keçirməkdən qürur duyuruq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri