İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində iyulun 23-də baş vermiş mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 1979-cu il təvəllüdlü kişi iyulun 23-də saat 21 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ said sümüyünün orta üçdəbir hissəsinin yerdəyişən sınığı, həmçinin incik və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınıqları diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il iyulun 23-də mina partlayışı hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl rayonu, Qumlaq kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Bəhlul oğlu Şəmilov minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - məlumatda deyilir.