25 
Okt
2021
17:30
146
18
2454
Virtual karabakh

Mistik tarixi abidələri və “Nuh tufanı” rəvayəti ilə əlaqələndirilən Naxçıvandan FOTOREPORTAJ

Səhər saat 08:00 radələrindən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanındayıq. Bir saatdan sonra Naxçıvan Muxtar Respublikasına ayaq basacağıq.

Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə həyata keçirilən mediatur çərçivəsində Naxçıvanın turizm potensialını öyrənməyə və tanıtmağa könüllü olmuş KİV nümayəndələri iki günlük səfərə hazırlaşır.      

İki günlük mediaturda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Naxçıvan MR Turizm Departamentinin direktoru Əkbər Novruzov, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid iştirak edirdi.

Uçuşdan əvvəl fürsət tapıb biletlərin qiyməti ilə maraqlandıq. Bakıdan Naxçıvana bilet qiymətləri 50 manatdan başlayırdı. Təyyarədə yerimizi alırıq və qısa zaman sonra hava gəmisinin təkərləri yerdən üzülür. Saat 9:00 radələrində Naxçıvan Beynəlxalq Hava Limanına eniş etdik.

Şəhər haqqında ilk düşüncələrim: təmiz və səliqəli küçələr, şəhərin insanın yığılmış yorğunluğunu alıb aparan səssizliyi... İlk növbədə media nümayəndələri üçün ayrılan mehmanxanaya yerləşdik, daha sonra proqramla tanış olduq. Beləliklə, şəhəri öyrənməyə Heydər Əliyev Muzeyindən başladıq.

Məlumdur ki, Naxçıvan şəhəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyaya göz açdığı şəhərdir. Buna görə də ilk növbədə Heydər Əliyevin abidəsini ziyarət etdik və abidənin qarşısına gül dəstələri düzdük. Daha sonra muzeydə nümayiş olunan ümummilli lider Heydər Əliyevin ailəsinə, uşaqlığına və yeniyetməliyinə həsr olunmuş fotoşəkil və portretlərə, onun imzaladığı sənəd və materialların surətlərinə, fərman və qətnamələrə, müqavilələrin surətlərinə nəzər saldıq. Burada müxtəlif illərdə ümummilli liderə təqdim olunmuş dövlət mükafatlarının nüsxələri, Heydər Əliyevin 80, 85 və 90 illik yubileyləri üçün buraxılmış medal və markalar, liderin xatirə əşyaları diqqəti cəlb edir. Burada hətta onun məşhur palto və papağı, həmçinin görüşlərdə, dövlət tədbirlərində geyindiyi kostyumu da nümayiş olunur. Muzey Heydər Əliyevin həyat yoluna nəzər salmaq istəyənlər üçün kifayət qədər dolğun təsəvvür yaradır.    

Növbəti dayanacağımız Dövlət Bayrağı Muzeyi idi. Meydanda ucaldılan bayraq şəhərin ən hündür zirvəsində dalğalanır. Həmin zirvədən şəhəri seyr edərkən bu ərazi haqqında artıq sizdə ilkin təsəvvürlər yaranır. Qeyd edim ki, meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir. Həmçinin muzeydə tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib. 

Naxçıvanda yerli və xarici turistlərin mütləq surətdə görməli olduqları növbəti məkan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyidir. Səkkiz ekspozisiya zalından ibarət olan muzeydə 900-dən artıq eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir. Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığının Azərbaycanın siyasi tarixində böyük rolu olub. 1787-1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş I Kalbalı xan tərəfindən Naxçıvan şəhərində Xan Sarayı tikdirilib. 1820-ci ildən sonra I Kalbalı xanın oğulları Nəzərəli xan və I Ehsan xan bu binada Naxçıvan xanlığını idarə ediblər. 

Naxçıvanı görməyə gələnlərin diqqətini cəlb edə biləcək estetik tikintilərdən biri də Möminə Xatun türbəsidir. Bu türbə məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Tikinti Naxçıvan şəhərinin tarixi mərkəzində - Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Türbə, kiçik tikililər arasında xüsusi seçilən, təxminən 25 metrlik onbucaqlı həcmə malikdir.

Burada həmçinin, 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunmuş Açıq Səma Altında Muzey də var. Muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir.

Naxçıvan şəhərinin tarixi simasının simvolu olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi turun növbəti maraqlı halqalarından birini təşkil edirdi. Bu kompleks turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş “Naxçıvanqala”nın bərpasına 2010-cu ildən başlanılıb. Orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır. 

Mistik ab-havası ilə seçilən “Nuh Peyğəmbərin məzarüstü türbəsi” turistlər üçün xüsusilə maraqlı hesab edilir. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış “Nuh tufanı” əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəldib, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurub. Əfsanəyə görə səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa, ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağlarına toxunub keçib, Gəmiqayada quruya oturub. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad verib. Rəvayətə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salıb. Gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır. Türbə 3 hissədən - sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Onun hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Nuh peyğəmbərin məzarüstü türbəsi səkkiz guşəlidir. Türbənin özülü tapılarkən girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirilib.

Mediaturun ilk günündə gəzintimizə “Nuh Peyğəmbərin məzarüstü türbəsi” ilə yekun vurduq. İkinci günün proqramdan da gözləntilərimiz yüksək idi.

Mediaturun ikinci günündə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində olduq. Media nümayəndələrinə Əshabi-Kəhfin sirli tarixi barədə ətraflı məlumat verildi. Ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan yeddi gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta hər hansı digər ölkədə də olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır. 

Günün növbəti saatlarında “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olduq. Muzey ekspozisiya zalından və iki iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat var. Bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir. Əlincəqala muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasındadır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olub. Əlincəqala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində əvəzolunmaz rol oynayıb, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə olunub.

Muzeyin ekspozisiya zalında “Əlincəqala” tarixi abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, bərpa işlərinin gedişindən çəkilmiş fotoşəkillər nümayiş olunur. Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar qalanı I-VI əsrlərə aid edirlər. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanda Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. XIV əsrin 80-90-cı illərində Əlincəqalanın Azərbaycan xalqının Əmir Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilməsi və 14 il mərdliklə müdafiə olunması tariximizin şanlı səhifələrindən biridir. Bu qala Naxçıvanın əyilməzlik simvolu olaraq, alınmaz və sarsılmaz olaraq dəyərləndirilir.

Günün sonuna yaxın möhtəşəm mənzərəsi ilə uçqun və sürüşmədən yaranan Batabat gölünü müşahidə etməyə müvəffəq olduq. Naxçıvanın simvollarından biri olan göl muxtar respublikanın Şahbuz rayonu ərazisində yerləşir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2 424 metr yüksəklikdə yerləşir.

Mediatur çərçivəsində həmçinin “Duzdağ” Fizioterapiya Mərkəzi ilə də tanış olduq. Yaşı minilliklərə söykənən Duzdağ qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvanın rəmzi hesab edilir. 1979-cu ildən fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi bu gün 500-ə yaxın yataq yeri və 50 tibbi heyət ilə dünyanın bir çox ölkələrindən gələn xəstələrə xidmət göstərir. Binanın birinci mərtəbəsində qeydiyyat, müayinə, təsərrüfat otaqları, bufet, ikinci mərtəbəsində isə baş həkim, tibb bacısı, iki ordinator otağı, mühasibatlıq, təsərrüfat müdiri və texniki işçilər üçün otaqlar var. Yeraltı şöbənin girişində fizioterapiya kabinəsi və laboratoriya yerləşir.

Dəniz səviyyəsindən 1 173 metr hündürlükdə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinin yeraltı şöbəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdədir. Burada bütün fəsillərdə havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Mərkəzdə bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinit xəstəlikləri müalicə olunur.

Sonuncu günlə bağlı təəssüratlarımızı bölüşsək, Naxçıvan şəhərinin möhtəşəm memarlığını xüsusilə vurğulamalıyıq. Tikililərin şəhərin tarixini əks etdirən xüsusi bir tərəfi var. Elə ilk baxışdan şəhərin çox qədim olduğunu tikililərin üzərindəki memarlıq elementlərdən oxumaq mümkündür. Bu xüsusiyyətlərinə görə, əslində onun haqqında çox nəsə anlatmağa ehtiyac yoxdur, şəhər özü-özünü mükəmməl şəkildə ifadə edə bilir. 

Foto: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri