Şəhərin mərkəzi küçə və prospektlərini Dənizkənarı Milli Parkla əlaqələndirən velosiped yolunun inşası davam edir. Yolun A.Puşkin, Ü.Hacıbəyov və R.Behbudov küçələrinin müəyyən yerlərindən keçən 2 km-dən artıq hissəsi hazırdır. Müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilərək velosiped istifadəçilərinin istifadəsinə verilib.
Bu barədə Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda yolun “Sahil bağı” ətrafından keçən hissəsi inşa edilir:
“Bu ərazidə “Formula-1” Azərbaycan Qran-prisi zamanı quraşdırılan bəzi qurğuların və texniki vasitələrin hissələrinin çıxarılması iş icraçıları tərəfindən tam həyata keçirilməyib. Bu səbəbdən tikinti işləri yekunlaşmayana qədər velosiped və skuter istifadəçilərinə bu yollardan istifadə etməmələrini tövsiyə edirik”.