Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Direktoru işdən çıxarılan qalmaqallı uşaq evində monitorinq aparılıb - YENİLƏNİB + FOTO/VİDEO
Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı uşaq evində monitorinq aparılıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Oxu.Az-a verdiyi məlumatda bildirilir.
Qeyd olunur ki, sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı uşaq evinin fəaliyyəti ilə bağlı yayılmış videoməlumata əsasən, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə 12 aprel 2023-cü il tarixində qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib.
Monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, ümumi qiymətləndirmə aparılıb, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb. Məlumat aidiyyəti quruma təqdim ediləcək.
Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilib.
Müəssisənin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.
11:02
Bakı şəhərinin Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu gün Xətai rayonu 3 nömrəli uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.
Qeyd olunub ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.
Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhərinin Xətai rayonu 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. O deyib ki, müəssisədə uşaqlara quru çörək verirlər:
“Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.
Daha sonra şikayəti edən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb. Daha sonra həkim də işdən çıxarılıb.
Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdan biridir və onlar uşaq evində böyüyüblər.
İlhamə Əbülfət
Rəylər