19 
Apr
2023
16:44
37
417
5186
Virtual karabakh

İlham Namiq Kamal: “Maaşdan narazı olan aktyorları kimsə məcbur saxlamır” - MÜSAHİBƏ + FOTO

19 Apr, 2023
16:44
5186

İlham Namiq Kamal: “Maaşdan narazı olan aktyorları kimsə məcbur saxlamır” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bugünkü serialları və filmləri izləmirəm. Şəxsən mənə maraqlı deyil. Seriallara da çox dəvət olunmuşam. Lakin mənə uyğun olmadığı üçün rol ifa etməyi qəbul etməmişəm”.

Bunu Oxu.Az-a müsahibəsində Xalq artisti, 74 yaşlı aktyor İlham Namiq Kamal deyib.

Müsahibəni təqdim edirik:

- İlham bəy, müsahibə üçün uzun müddət vaxt təyin edə bilmədik. İşlər, deyəsən, çoxdur?

- Yenilik hər zaman olur. Yeni əsərlər, tamaşalar var. Onların üzərində çalışırıq. Tamaşaçılar da koronavirus pandemiyası səngiyəndən sonra daha çox üz tuturlar. Tamaşalarda oynayıram. Bir-iki aydan sonra özümün quruluş verdiyim yeni tamaşaya başlayacağam.

Aprelin 16-sı Ramiz Mirişlinin anadan olan günü idi. Onunla əlaqədar tamaşa hazırladım. “Amerikalı kürəkən” əsəri tamaşaya qoyuldu. Bir-iki tamaşaya özüm quruluş vermişəm. Elə tamaşalar da var ki, yalnız baş rollarda oynayıram. Yalnız yaradıcılıqla məşğuluq.

Bu dəqiqə Sabit Rəhmanın “Əliqulu evlənir” musiqili tamaşasının librettosu üzərində işləyirəm. Şeirlərin müəllifi dostum Baba Vəziroğludur. Musiqisi isə dünyasını dəyişən qocaman bəstəkar Oqtay Rəcəbovundur. Biz xatirələri əbədiləşdirməyə çalışırıq.

- İndiki dövrün, gənclərin yumorundan razısınızmı?

- Hər kəsin özünəməxsus yumoru var. Yumoru düzgün ifa etmək, insanlara düzgün çatdırmaq lazımdır. Bu, insanın həyatı, tərzi, xarakteridir. Gənclər inkişaf edirlər. Biz də gənc olmuşuq. Daim axtarışda idik. Onlar öz üzərlərində işləməlidirlər. Kim işləyirsə, öz zəhmətinin bəhrəsini görəcək. İşləməyən də görməyəcək.

- Diqqət etsəniz, əvvəlki filmlərdə olan sitatlar bu günə qədər unudulmur, zaman-zaman situasiyaya uyğun dilə gətiririk. Müasir dövrün filmləri isə “sitat toplusu” olmaq bir yana, heç süjeti də yadda qalmır. Sizcə, səbəb nədir?

- Bunun səbəbini bilmirəm. Onu yaradıcı qruplar - rejissorlar, ssenari müəllifləri bilərlər. Mən yalnız ifaçı olmuşam. Ötən əsrin filmlərindəki sitatlar sevilirsə, nəsə demək bizə düşməz. Uzaqdan görünən dağa nə bələdçi... Tamaşaçı qəbul edirsə, qəlbində qalıbsa, yalnız alqışlamaq lazımdır.

- İndiki yumor tamaşaçıları ürəkdən güldürə bilmir. Bunun səbəbi nədir? Bəlkə, yumorumuz adiləşib?

- Yumor heç vaxt adiləşmir. Çünki biz uzun illər bu sahə ilə məşğul olmuşuq. Satira, yumor Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirin dövründən başlayıb. Yumorda kəskin deyilən sözlər də olub. Kimsə güldürür, güldürmür - bunu deyə bilmərəm. Biz güldürmək üçün işləməmişik. Hər bir işləyən fərd öz sənətinə, sahəsinə ailə tərbiyəsini gətirir.

 - İlham bəy, hazırda oynadığınız rollar sizi həm keyfiyyət, həm də kəmiyyətcə qane edirmi? Ümumiyyətlə, hansı rollarınızı bəyənirsiniz?

- Rolu oynayıramsa, demək ki, bəyənirəm. Onlar hamısı mənə doğmadır. Sanki balalarımdır. Bəyənmədiyim, məni qane etməyən rolu oynamıram.

- Sizi yeni çəkilən filmlərdə görmək istərdik.

- Son zamanlar yeni film çəkilmir. Dövlət filmləri olacaq. Lazım olanda onlarda rol ifa edəcəyəm.

- Sizcə, bir aktyor müasir olmaq üçün nə etməlidir?

- Müasir olmaq üçün ilk növbədə aktyorun məktəbi olmalıdır. O, istedadından əlavə, çox ağıllı olmalıdır.

- İlham bəy, zəmanəmizin komik qəhrəmanı kimdir?

- Bütün yazarlar müşahidə qabiliyyətlərinin köməyi ilə yeni xarakterləri səhnəyə, teatra gətirirlər. Ümumiyyətlə, cəmiyyətin çatışan və çatışmayan cəhətlərini göstəririk. Elə cəmiyyətin özünü hesab edirəm.

- Son zamanlar hansısa seriala dəvət almısınızmı?

- Seriallara dəvətlər çox olub. Amma mənə uyğun olmayıb. İnsanın şöhrəti ola bilər. Lakin əgər o, şöhrətini qorumasa, bir anın içində hörmətdən düşə bilər. Ona görə gərək həddi saxlaya biləsən. Lazım olmayan verilişlərdə, seriallarda iştiraka ehtiyac yoxdur.

Mən 35 il Akademik Milli Dram Teatrında aparıcı aktyor olaraq çalışmışam. 2005-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına keçdim. Bu teatrda həm rus, həm də Azərbaycan bölməsinin aktyoru kimi fəaliyyət göstərirəm. İfa etmədiyim teatr yoxdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Arşın mal alan”da “Soltan bəy” rolunu oynayıram. Azərbaycan Dövlət Kukla Teatrında “Don Kixot”u oynayıram. Mənim üçün sərhəd yoxdur. Rejissorlara da təşəkkür edirəm ki, dəvət edirlər. Əsas işim Musiqili Teatrdadır.

- Pedaqoji fəaliyyətinizi davam etdirirsinizmi? Məvacib sizi qane edirmi?

- Mən 30 il Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olaraq çalışmışam. İndi də hazırda musiqili teatr aktyoru üzrə məsləhətçi professor kimi işləyirəm. Gəncləri yetişdiririk. Onları sabaha yönəldirik. Mən gəncləri çox sevirəm. Bu teatrda mənim onlarla tələbəm aparıcı aktyordur. Öz tələbəmlə birlikdə eyni səhnəni bölüşürəm. Bundan gözəl nə ola bilər ki? Bu, ən böyük xoşbəxtlikdir. Bu universitet teatryönümlüdür. Uşaqları hər zaman işlə təmin edir.

- Sizi sevənlər olduğu kimi, sevməyənlər də ola bilər. Münasibətiniz necədir?

- Hamıya böyük hörmətim var. Hər bir insanın fikrini normal qarşılayıram. Qeyri-adi bir vəziyyət deyil.

- Bir ailədən iki dəyərli aktyor yetişib. Qardaşınızla eyni rollarda oynamağınız nə zamansa sizə çətinlik törədibmi?

- Bir ailədən iki nəfər incəsənətə yönəldik. Ailədən heç kəs incəsənətdə olmayıb. Babam Ağa Cəfər kişi - Cəfər Əhmədov manufaktura taciri olub. Əslimiz Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Qardaşım da, mən də xalq artistiyik. O da, mən də Prezidentin fərdi təqaüdçüsüyük. Milli Dram Teatrında bizim elə tamaşalarımız olub ki, eyni səhnədə rol almışıq - “Mənim ərim dəlidir”, “Bu dünyanın adamları”, “Hərənin öz payı”. Neçə əsərdə biz tərəf-müqabil olmuşuq. Teletamaşalarda da olub. O da peşəkardır. Peşəkar insanlarla təmasda olmaq, bir səhnəni bölüşmək ləzzətdir. Peşəkarlıq tamam başqadır. Ədil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov müəllimim olublar. Bu cür müəllimi olan istər-istəməz möhkəm dayanmalıdır.

- Yetişdirdiyiniz aktyorlardan razısınız? Hansı aktyorları bəyənirsiniz?

- Mən onları öz balam kimi bilirəm. Hər birini çox sevirəm. Onlar da mənə hörmət edirlər. Birini desəm, digərini deməsəm, inciklik olar. Mən, ümumiyyətlə, istedadlı insanları çox sevirəm. Qarşılıqlıdır. İncəsənətdir. İstedadı olmayanlardan da zəhləm gedir.

- Keçmiş nəsil ilə yeni nəsil arasında həmişə bir mübarizə olur. Sizin münasibətiniz necədir?

- Zamanla ayaqlaşma məsələsi var. Şəxs cavan, lakin “nimdaş” ola bilər. Onunla söhbət edə bilməzsən. Yaşından asılı olmayaraq, sənətdə olan insanların hər biri zəmanəsinin müasir fərdi olmalıdır. Zamanla ayaqlaşa bilməlidir. Onunla söhbət edərkən maraqlı olmalıdır. Bu hər bir insanın özündən asılıdır.

- Bəzi aktyorlar teatrlarda rejissor çatışmazlığından gileylənirlər? Siz bu barədə nə düşünürsünüz?

- Maraqlı cavanlar yetişir. Onları başa düşürəm. Struktur dəyişikliyi olmalıdır. Müəyyən dövrdə biz bilirdik ki, teatrın beyni baş rejissordur. Müəyyən dövrdən sonra “məmur teatrı” oldu. Hazırda “direktor teatrı” mövcuddur. Düşünürəm ki, biz birinci varianta qayıtmalıyıq.

- Akademik Milli Dram Teatrında xeyli müddət çalışmısınız. Azərpaşa Nemətovun vəfatından sonra, sizcə, oraya kim baş rejissor təyin olunmalıdır?

- Həyatdır... Azərpaşa ilə bir məktəbdə oxumuşuq. O, qəfil vəfat etdi. Yatağa düşmədi. Azərpaşanın dünyadan köçməsi Azərbaycan üçün xoş xəbər deyil. Çünki Tofiq Kazımov, Mehdi Məmmədovdan sonra iki rejissor yetişmişdi. Onlardan biri Hüseynağa Atakişiyev, digəri isə Azərpaşa Nemətov idi. İkisi də dünyasını dəyişdi. Gənclərin yetişəcəyinə ümid edirəm. Optimistəm.

- Aktyorların bir qismi məvacibin azlığından narazıdır. Bu barədə siz nə düşünürsünüz?

- Pul söhbəti etməyi sevmirəm. Narazı olanlar başqa sahəyə çıxıb getsinlər. Bu sahəni sevmək, dözmək lazımdır. Yox, bəyənmirsənsə, çıx get. Heç kəs kimisə güclə saxlamır.

- İlham bəy, sizin fikrinizcə, yaşın sənətə təsiri olurmu?

- Fağır adamam. Yaşın sənətə heç bir təsiri yoxdur. Səhnə daim sağlam insan istəyir. Sən sağlamsansa, səhnəyə çıxmaq istəmirsənsə, bu artıq cinayətdir.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri