Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Üzərinə şəhid qoxusunu hopduran məkandan REPORTAJ + FOTO
Bura Vətən Müharibəsi Fondudur.
O fond ki, Azərbaycanın Milli Qəhrəmanları - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və digər şəhidlərimizin izlərini yaşadır.
Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarına və Azərbaycanın bütövlüyü uğrunda qanından, canından keçən şəhidlərimizə məxsus əşyalar və fotolar burada mühafizə olunur.
Oxu.Az-ın əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyində yerləşən Vətən Müharibəsi Fondunda saxlanılan əşyalarla tanış olmaq üçün muzeyə yollanıblar.
2020-ci ildən başlayaraq torpaqlarımız mənfur düşməndən azad edildi. Ordumuz bu müharibədə rəşadət göstərərək torpaqlarımızı düşməndən azad edib. Təbii ki, itkisiz qələbə olmur. Gedən döyüşlər zamanı şəhidlər verdik.
Qəhrəman övladlarımızın əşyalarını saxlamaq və gələcək nəslə göstərmək üçün 2021-ci ilin yanvar ayında Vətən Müharibəsi Fondu təsis edilib.
Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov deyir ki, elə həmin il muzeyin müxtəlif şöbə və fondlarının əməkdaşları sosial şəbəkələr vasitəsi ilə müraciət yayaraq fonda materialların toplanılmasına başlayıblar:
“Əməkdaşlarımız ölkəmizin müxtəlif bölgələrindən olan şəhidlərimizə aid şəxsi əşyaların, hərbi geyimlərin, sənədlərin, fotoların və sairin toplanması işinə başladılar. Bizim fonda daxil olan materialların arasında Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsinə aid materiallar yer alıb”.
Öyrənirik ki, fonda daxil olan materiallar arasında Vətən müharibəsində xüsusi xidmətləri olan müvafiq dövlət qurumlarına aid nümunələr də vardır.
Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Ərazilərinin Minalardan Təmizləmə Agentliyi (ANAMA) və Müdafiə Sənayesi Nazirliyinin şəxsi heyətlərinin geyim növləri və ləvazimatlarının nümunələri, tədris və ideoloji vəsaitləri də Vətən Müharibəsi Fondunda daim mühafizə edilir.
Fondun müdiri deyir ki, hərbi geyimlər ayrıca geyim dolablarından asılır:
“Fotoşəkillər və sənədlər isə qovluqlarda mühafizə edilir. Bundan başqa, fondun materialları inventarlaşdırılır və qeydiyyat kitabına salınır. Bununla da həmin materiallar daimi mühafizəyə təqdim edilir. Fondun yaradılmasında əsas məqsəd Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizə məxsus əşyalar, sənədlər və materiallar əsasında sərgilərin təşkili, həmin materialların daimi mühafizəsi, onların elmi tədqiqat proseslərinə cəlb edilməsi və nəşrlərin hazırlanmasıdır.
Fond materialları əsasında gələcəkdə sənədli filmlərin və televiziya verilişlərinin çəkilişi də mümkündür. Fondun materiallarının gələcək sərgilərdə nümayiş etdirilməsi hərb tariximizlə yanaşı, şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi baxımından da əhəmiyyətlidir. Müxtəlif dövri mətbuat səhifələrində şanlı qələbəmizin təbliğatı istiqamətində Vətən Müharibəsi Fondunun özünəməxsus rol oynayacağı şübhəsizdir”.
Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun geyimləri üçün guşə yaradılıb. Orada geyimi, əşyaları, aksesuarları nümayiş olunur.
Ş.Mövsümov deyir ki, hazırda Vətən Müharibəsi Fondunda 335 şəhid və qaziyə məxsus 3 279 ədəd inventar qorunur:
“Bunlar fondun əməkdaşları tərəfindən xüsusi proqram vasitəsilə pasportlaşdırılır. Həmçinin, fond materialları əsasında mütəmadi olaraq muzeyin saytında informasiya xarakterli yazılar gedir. Vətən müharibəsi tədqiqatçıları fonda müraciət etməklə elmi tədqiqat işləri də aparırlar. Artıq fond kolleksiyasına istinadən müxtəlif yerli və xarici konfranslarda elmi məruzələr edilib, müxtəlif toplularda məqalələr dərc olunub”.
Vətən Müharibəsi Fondunun materialları əsasında 2021-ci ilin mayından 2022-ci ilin fevralınadək “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi təşkil edilib. Həmin sərgidə ümumilikdə 205 şəhidin və 10 qazinin şəxsi əşyaları nümayiş etdirilib.
30 vitrindən ibarət olan bu sərgidə eksponatlarla yanaşı, 12 informasiya paneli, yeddi iriölçülü baner, ordumuz tərəfindən ermənilərdən ələ keçirilmiş 58 ədəd hərbi qənimət də yer alıb.
Fonda şəhidlərimizin baş geyimindən tutmuş hərbi çəkmələri, almış olduqları fəxri fərmanların, təşəkkürnamələrin, orden-medalların və diplomların rəngli surətləri, eləcə də, şəxsi əşyaları - saat, qolbaq, kompas, alışqan, təsbeh, pulqabı və sair var. Onlar yaxınları tərəfindən birdəfəlik təhvil verilib.
Fonda daxil olan materiallar arasında şəhidlərimizin hərbi təhsil və təlim illərini əks etdirən fotolarla yanaşı, döyüş yoluna aid fotolar da yer alıb. Bu materialların hər biri olduqca dəyərli eksponatdır və sərgilərdə nümayiş etdirilib.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"ANAMA" teqi üzrə xəbərlər
- ANAMA Xocalıya köçən sakinlərə təlim keçib
- Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib" - ÖZƏL
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
Rəylər