Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Samirə Yusifqızı: “Söyüş məsələsi deyil, kişilərlə xanımların deyişməsi çox vaxt alınmır” - MÜSAHİBƏ
“Meyxananı çoxdan deyirdim. Lakin efirdə işıqlandırmağa icazə vermirdim. Həmin vaxtlar Faiq Sücəddinov ilə mahnılar üzərində işləyirdik. Ehtiyat edirdim ki, meyxana ilə efirə çağırsalar, Faiq Sücəddinov məndən üz döndərər”.
Bu sözləri Oxu.Az-a müsahibəsində müğənni, meyxanaçı Samirə Yusifqızı deyib. Onunla müsahibəni təqdim edirik:
- Samirə xanım, müsahibələrinizin birində demisiniz ki, efirlərdə sizə ögey münasibət bəsləyirlər. Sanki televiziyalardan incik düşmüsünüz. Bu səbəbdənmi uzun müddət uzaqlaşdınız?
- Son həftədə mənim qədər efirə çıxan olmayıb. Kimsə televizora baxmırsa, bu mənim günahım deyil. Bütün gün efirlərdə yatan müğənniləri sevmirəm. Bir qədər izləyici nigaran qalmalı, darıxmalıdır. Hər dəfə eyni adamlar olmaz. Bu, pərəstişkarlara qarşı da hörmətsizlikdir.
- İzləyiciləriniz sizin meyxanalarınız üçün darıxıblar. Hər kəsə geri dönüşün nə zaman olacağı maraqlıdır.
- Meyxana mənim sənətim deyil ki, geri də dönüm. Meyxananı bacarıram. Lazım olan zaman deyişirəm. Demək olar ki, yalnız məclislərdə. İstənilən vaxtda da deməyə hazıram. Çünki istedad var. Mən müğənniyəm. Məni meyxanaçı kimi adlandırmağı qadağan edirəm. Mən meyxanaçı deyiləm. Ali savadlı müğənniyəm. Yeri gələndə bir çoxları mənim savadımdan bəhrələniblər. Və bəhrələnəcəklər də. Mən sırf meyxana ilə məşğul olmaq istəmirəm.
- Gəlin bir qədər əvvələ qayıdaq. Meyxana demək heç də asan deyil. Sizdə bu istək necə yarandı?
- Meyxananı mən çoxdan deyirdim. Sadəcə, efirlərdə işıqlandırmağa icazə vermirdim. O zamanlar bəstəkar Faiq Sücəddinovla mahnılar üzərində işləyirdik. Həmin ərəfədə məni efirlərə meyxanaya görə çağırmaları düz olmazdı. Faiq Sücəddinov məndən üz döndərərdi.
Mən ilk dəfə 1994-cü ildə Ağasəlim, Nizami Rəmzi, Molla Məmmədlə meyxana demişəm. Təsadüfən “toylar kraliçası” olandan sonra “De, gəlsin” verilişinə dəvət etdilər. Anidən oldu.
- Həmkarınız Oqtay ilə deyişməniz hər kəs tərəfindən maraqla qarşılandı. Daha sonra aranızda qalmaqallar yaşandı. İndi münasibətiniz necədir?
- Oqtayla bir neçə yeni duetimiz var. Üzərində işləyirik. Biz Oqtayla daim küsülü olmamışıq. Ailələrimizin də yaxşı münasibəti var. Bir ara Oqtay başısoyuqluq etdi, mənsə Rusiyada oldum. Hər ikimizin istəyi ilə sonradan yenidən bir araya gəldik. Gözəl işlərimiz var. Oqtay yaradıcı adamdır. Onunla işləməyə dəyər. Ortaya qoyduğumuz məhsullar düşündürücü olur. Digər cütlüklər kimi ağlımıza gələni oxusaq, həftəyə on mahnı yazardıq. Biz ucuzluğa getmirik. Az olsun, saz olsun. Başa düşən qiymət verir.
Oqtayla meyxana deyəndən sonra meyxananı bir çoxlarına sevdirdik. Digər duetlərə də yol açdıq. Ən çətin bizim vaxtımızda idi. Hətta o vaxtlar meyxananı sevməyən xanımlar da sevdilər.
- Namiq Qaraçuxurlu verilişlərin birində meyxanada qadınların azlığından şikayətlənib. Sırf istifadə edilən nalayiq ifadələrə görə xanımların meyxanadan uzaqlaşdığını deyib. Siz nə düşünürsünüz?
- Məndən başqa meyxana deyən qadın yoxdur. Zarina, Mətanət və Aynuru deyirsinizsə, onlar bədahətən deməyi bacarmırlar. Əvvəlcədən yazılanları deyirlər. Mən dəfələrlə təklif etmişəm ki, gəlin bədahətən deyişək. Lakin onlar qaçıblar. Deyiblər ki, biz meyxanaçı deyilik. Halbuki, özlərini meyxanaçı kimi təqdim edirlər. Mən istərdim ki, bədahətən meyxana deyən xanım olsun. Deyişmələrimiz olsun. Bunu çox istərdim.
O ki qaldı nalayiq ifadələrə, meyxana söyüş deyil. Söyüşlər kişilər arasında olur. Mən olan məclisdə söyüş olmurdu. Bizdə zarafat olub. Kobud, nalayiq ifadələr olmayıb.
Uzaqlaşmağa gələndə isə kişilərlə xanımların deyişməsi çox vaxt alınmır. Çünki tonallıq düz gəlmir. Hər zaman əziyyət çəkirik. Səslər həmahəng olmalıdır ki, düz gəlsin. Söyüşə görə deyil, məncə, tonallıq səbəbindəndir. Kişilər çox sürətli deyişirlər. Ağızlarından hər cür söz çıxa bilər. Qadın olanda özlərini yığışdırırlar.
- Meyxana aləminin hazırkı vəziyyəti sizi qane edirmi?
- Xeyr. Yaşlı meyxana ustadlarını çıxmaq şərti ilə bir çox meyxanaçılar əzbərçidirlər. Belə pul qazanılar. Meyxananı gözdən salırlar. Ona görə hamı qaçır. Toylarda meyxananı istəmirlər.
Əslində, toyun dadı-duzu meyxanadır. Bakı kəndləridir ki, sənətə qiymət verirlər. Adət və ənənələr qalıb.
- Samirə xanım, sizi məclislərə meyxana deməyə dəvət edirlərmi?
- Məclislərə çağırırlar. Lakin qaçıram. Çox getmirəm. Dostlarımız müraciət edəndə etiraz etmirəm.
- Yaxşı meyxanaçının məziyyətləri nədir?
- Meyxana demək asan deyil. Meyxana deyən adam ilk növbədə Azərbaycan dilinin qrammatikasını və ədəbiyyatı yaxşı bilməlidir. Bu, önəmli şərtdir. İkinci məqam isə hər şeydən məlumatlı olmalıdır. Hər bir şeyi bilməlidir. Haradan nə desələr, cavabını verməlisən. Orada vəznlər, bölgülər var. Bunların hamısını üst-üstə gətirmək üçün savad olmalıdır. Kiminsə yazdığını əzbərləyib demək meyxana deyil.
- Ailə üzvləriniz meyxana deməyinizə qarşı çıxıblarmı?
- Bəli, qarşı çıxıblar. Mən bir şeyə başlayıramsa, məsuliyyətli oluram. Heç kəs məni ondan uzaqlaşdıra bilmir. Deyiblər ki, çətin olacaq. Adı vayqanlıdır. Mən seçimimi etdim. Daim dəstək olublar. Mənimlə fəxr edirlər. Mən meyxanada ilkəm. Yüz illər də keçsə, Azərbaycan tarixində mənim adım qalacaq. Olsam da, olmasam da. Haqq dünyasına getsəm də, adım, izim qalacaq.
- Meyxana aləmində olduğunuz üçün heç peşman olmusunuzmu?
- Peşman olmuşam. Həm də çox olmuşam. Düzdür, meyxananı çox sevirəm. Lakin meyxana müğənnilik fəaliyyətimi arxa planda qoyub. Bir çoxları məni ali savadlı müğənni yox, meyxanaçı kimi tanıyıb, seviblər.
Mənim dəstək olduğum çox müğənni olub. Maşallah, hamısı irəlidədir. Heç birindən də təmənna güdməmişəm.
- Sizcə, meyxanaya münasibət dəyişilibmi? Nə qədər “söz sənətidir” deyilsə də, bir qədər sanki qəribə münasibət var.
- Meyxana Azərbaycana məxsusdur. Mənfur düşmənlərimiz hər şeyimizi mənimsəyə bilirlər. Təkcə buna əl ata bilmirlər. Meyxana sırf Azərbaycana məxsusdur. Lakin əfsuslar olsun ki, biz özümüz-özümüzü baltalayırıq. Özümüzdə olan Allah vergisini dəyərləndirmirik. Mənə dəfələrlə deyiblər ki, sən qonşu ölkələrdən olsaydın, heykəlini qoyardılar. Analoqu olmayan bir şeydir. Azərbaycanda dəyər verilmir. Öləndən sonra diqqət heç kəsə lazım deyil. Enerji doluyam. Yaşlı deyiləm. Yaradıcı ruhdan düşməmişəm. Lakin ruh verilməlidir. Mən də köhnələrlə barışıram ki, nə var, bəsdir.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Yeniliklər olacaq. Qızımla mənim bir neçə duetimiz var. Davam edirik. Sonra bu yaxınlarda qeyri-adi layihəmiz olacaq. Hazırda açıqlamaq istəmirəm. Sözü deyən kimi qabaqlayacaqlar. Gələn həftələrdə işıq üzü görəcək.
- Samirə xanım, oğlunuzun səhhətində problemlər var idi. İndi vəziyyəti necədir?
- Allaha şükür, yaxşıdır. Rusiyadadır. Orada müalicə alır. Bununla yanaşı, restoranda menecer kimi fəaliyyət göstərir. Orada da yıxılıb. Qolu sınıb. Tam sağalmayıb. İnşallah, yaxşı olacaq. Buna inanıram.
Nəzrin Vahid
"Meyxana" teqi üzrə xəbərlər
- Ələkbər Yasamallı meyxanadan getdi
- Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Namiq Qaraçuxurlu arxiv görüntülərini paylaşdı: “Ağılları bunu həzm edə bilmir” - VİDEO
- Meyxanaçı Ağamirzə: “Necə deyim ki, sən meyxanaçı deyilsən?”
Rəylər